Göyçayın Çərəkə və Ləkçıplaq kəndlərində yeni məktəb binaları istifadəyə verilmişdir
Rayonun Çərəkə və Ləkçıplaq kəndlərində müasir təhsil ocaqlarının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimlərdə çıxış edənlər dövlət başçısı İlham Əliyevin təhsilə qayğısından bəhs etmiş, ölkədə gənclərin mükəmməl təhsilə yiyələnməsi, onların nüfuzlu ali məktəblərdə oxuması, eləcə də bölgələrdə yeni məktəblərin inşa edilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışmışlar.
Qeyd edilmişdir ki, müəllim və şagirdlərin istifadəsinə verilən 360 yerlik məktəb binalarının inşası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilmişdir. Məktəblərin hər ikisi istilik sistemi ilə təchiz edilmiş, sinif otaqları, fənn kabinetləri və laboratoriyalar, yeməkxana, idman zalı və kitabxanalar müasir səviyyədə qurulmuşdur.
Bildirilmişdir ki, hazırda Ulaşlı-Şıxlı kənd məktəbi üçün 280 şagird yerlik binanın tikintisi həyata keçirilir. Şəkili kənd ümumi orta məktəbi üçün 80 yerlik, şəhər 4 nömrəli uşaq bağçası üçün 40 yerlik binanın tikintisi üçün layihə-smeta sənədləri hazırlanmışdır. Bundan əlavə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə şahmat məktəbinin əsaslı təmiri işlərinə başlanılmışdır.
Çıxış edənlər yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara müasir məktəblərdə yeni-yeni uğurlar arzulamışlar.
Yeni məktəb binalarının açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş, birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyəsi olan çantalar və məktəbli ləvazimatları verilmiş, təhsil ocaqlarında yaradılmış şəraitlə tanışlıq olmuşdur.
Açılış mərasimlərində Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev iştirak etmişdir.