Göyçayda Xocalı faciəsinin qurbanları anılıb
Göyçayda məskunlaşan Xocalı sakinlərinin, rayon icra hakimiyyətinin, idarə və təşkilat kollektivlərinin, müəllim və şagirdlərin, gənclərin iştirakı ilə keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi yad edilib.
Sonra qanlı hadisələri əks etdirən film göstərilib, rayon mədəniyyət evinin kollektivi və gənclərin iştirakı ilə “Xocalı fəryadı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub,.
Bildirilib ki, son illər Azərbaycan hökuməti Xocalı faciəsi barədə həqiqətlərin dünya miqyasında tanınması və obyektiv qiymət alması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Artıq bir çox ölkələrdə bu istiqamətdə böyük nəticələr əldə olunub. Xocalı soyqırımının bütün dünyada tanınacağına və bununla bağlı ədalətli qərar veriləcəyinə əminlik ifadə edilib.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Elnur İsmayılov 26 il əvvəl Xocalı şəhərində etnik azərbaycanlılara qarşı törədilən vəhşiliklər barəsində söz açaraq erməni silahlılarının bir gecə ərzində 613 nəfəri görünməmiş amansızlıqla qətlə yetirdiyini bildirmişlər. Xocalı qətliamının erməni millətçilərinin azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu, dünya ictimaiyyətinin Dağlıq Qarabağda baş verən haqsızlıqlara daha böyük diqqət ayırmasına ehtiyac duyulduğu, bu kimi cinayətlərin təkrarlanmaması üçün insanların birgə çalışmalı olduğunu vurğulayıblar.
Xocalı sakini Rəhman Əhmədov, Mustafa Hümbətov çıxış edərək ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri soyqırımdan söz açıblar. Qeyd edilib ki, 26 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının əsgərlərinin və texnikasının köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edərək dinc sakinlərə qarşı dünyanın gözü qarşısında insanlığa sığmayan vəhşilik törədiblər. Tədbirdə yüzlərlə insanın amansızlıqla qətlə yetirildiyi ürəkağrısı ilə yada salınıb, beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımına hüquqi və siyasi qiymətin verilməsi tələb edilib.
Rayon icra hakimiyyətinin inzibati binasında tədbir davam edib. Rayon icra hakimiyyətinin başçısı köçkünlərin problemləri ilə maraqlanıb və müvafiq köməkliklər göstərilib.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb, Xocalı sakinlərinə maddi yardım göstərilib.