Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

«2017-ci ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunları, 2018-ci ildə qarşıda duran vəzifələr barədə» Göyçay RİH-ti başçısının hesabat yığıncağı keçirilmişdir

03 fevral 2018 | 16:00

03 fevral 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində «2017-ci ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunları, 2018-ci ildə qarşıda duran vəzifələr barədə» Göyçay rayon icra hakimiyyəti başçısının hesabatı və “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları”na həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının nitqindən irəli gələn vəzifələr haqqında  yığıncaq keçirilmişdir.
Hesabat yığıncağında rayonun idarə, müəssisə və təşkilat, yerli icra və bələdiyyə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyallıları, ağsaqqallar, dindarlar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Yığıncaqda həmçinin Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Azərbaycan Respublikası Milli Məclisin üzvləri Elman Nəsirov və Sabir Hacıyev iştirak etmişlər.
Hesabat yığıncağından əvvəl qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsini ziyarət edərək gül dəstələri qoymuşlar.
Sonra rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə hesabat məruzəsi ilə çıxış edərək qeyd etmişdir ki, 2017-ci ildə Respublikamızın digər regionlarında olduğu kimi Göyçay rayonunda da tikinti, quruculuq və abadlıq işlərinin sürətləndirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Hesabat ilində Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 7,9% və ya 31,7 milyon manat artaraq 283,4 milyon manat olmuşdur.
Rayonun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 32,9 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmiş, keçən illə müqayisədə sənaye məhsulu istehsalı 2,6% artmışdır.
Ötən il aqrar sahədə müəyyən uğurlar əldə edilmiş, 2016-cı illə müqayisədə taxıl istehsalı 4654 ton, dən üçün qarğıdalı istehsalı 3,3 dəfə artmışdır. Aqrar bölmənin aparıcı sahələri olan meyvəçiliyin və faraş tərəvəzçiliyin inkişaf etdirilməsinə diqqət daha da artırılmış, 62,6 min ton meyvə istehsal edilmiş, meyvə istehsalı 1,4% artmışdır. 138,1 hektar yeni bağ salınaraq meyvə bağlarının ümumi sahəsi 5896,2 hektara çatdırılmışdır ki, bunun da 82,9%-i bar verən bağlardır.
Hesabat dövründə rayonda 41,6 min ton tərəvəz istehsal edilmişdir ki, bu da əvəlki illə müqayisədə 2,2 dəfə çoxdur. Fərdi təsərrüfatlarda istehsal edilmiş faraş tərəvəz məhsulunun böyük hissəsi ixrac olunmuş və təsərrüfat sahiblərinə xarici valyutada gəlir gətirmişdir.
Kənd əməkçiləri tərəfindən 2018-ci ilin məhsulu üçün 16049 hektar sahədə şum qaldırmış, 14739 hektar sahədə taxıl əkilmişdir ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 282 və 122 hektar çoxdur.
Ölkə Prezidentinin baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına müvafiq olaraq müəyyən tədbirlər həyata keçirilmiş, ötən ilin may ayında kumdarlara 1900 qram barama qurdu paylanılmış və 5293 kq. barama tədarük edilmişdir ki, bu da 2016-cı ilə nisbətən 4,6 dəfə çoxdur. Baramaçılığın yem bazasının yaradılması istiqamətində əməli tədbirlər görülmüş, ötən il rayonun kəndlərində Çin Xalq Respublikasından gətirilmiş 86 min ədəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göndərilmiş 46,6 min ədəd tut tingi əkilmişdir.
2017-ci ildə rayonun iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 29,7 milyon manat və ya 2016-cı illə müqayisədə 1,8% çox investisiya yönəldilmiş, tikinti quraşdırma işlərində istifadə edilmiş investisiyaların həcmi 1,6% artaraq 28,5 milyon manat olmuşdur.
Rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına müvafiq olaraq “Azərsu” ASC tərəfindən rayonun 15 kənd yaşayış məntəqəsinə içməli suyun verilməsi üçün tədbirlər görülmüş, kəndlərin ərazisində 148 bulaq quraşdırılaraq bürövlükdə 28656 nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun 6 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular o cümlədən, 101 ədəd bulaq quraşdırılmışdır. Yaxın günlərdə həmin qurğuların istifadəyə verilməsi nəzərdə tutulur. Qurğuların istifadəyə verilməsi həmin kəndlərdə yaşayan 5132 nəfər əhalinin içməli su ilə təminatını yaxşılaşdırmağa imkan verəcəkdir.
Rayon əhalisinin, müəssisə və təşkilatların elektrik enerjisi ilə təminatının etibarlılığının artırmaq üçün ötən il şəhər və kənd yaşayış məntəqələrində istifadəyə yararsız 12 transformator daha güclü transformatorlarla əvəz edilmiş, Ərəbcəbirli, Yalman, Çaxırlı, Mollahacılı, Şıxbəy, Bəydövül, Qaraməryam və Çayarxı kəndlərində 22,6 km uzunluğunda elektrik naqilləri yükünü özü daşıyan kabellərlə əvəz edilmişdir.
Əhalinin təbbi qazla təminatının yaxşılaşdırılması üçün 9 ədəd yeni tipli qaz tənzimləyici şkaflar quraşdırılmış, 1243 p.m müxtəlif diametrli qaz boruları yeniləri ilə əvəz edilmişdir.
Hesabat dövründə rayon ərazisində tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüşdür.
1970-ci ildə istifadəyə verilmiş, tam yararsız vəziyyətə düşmüş, ümumi sahəsi 2 hektar olan 1500 yerlik şəhər stadionunda əhalinin asudə vaxtının səmərəli təşkili, idman-sağlamlıq tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün 2016-cı ildən başlanılmış əsaslı yenidən qurma işləri keçən ildə də davam etdirilmiş, yeni işıqlandırma sistemi, oturacaqlar və idman avadanlıqları quraşdırılmış, basketbol və voleyboll meydançaları, sanitar qovşağı istifadəyə verilmiş, idmançılar üçün soyunub-geyinmə otaqları inşa edilir.
Ümumi ərazisi 6 hektar olan Əli Kərim adına şəhər parkında əsaslı təmir işlərinə aparılmış, yeni giriş qapıları inşa edilmiş, işıqlandırma sistemi quraşdırılmışdır. Əli Kərimin abidəsi parkın mərkəzinə, daha münasib yerə köçürülmüş, parkda göyçaylı şairlərin dəfn olunduqları ərazi abadlaşdırılmış, Soyqırım abidəsi Şəhidlər xiyabanına köçürülmüşdür. Hazırda parkda Azərbaycanın məşhur yazıçı və şairlərin xatirə kompleksinin yaradılması üçün işlər aparılır.
Hesabat dövründə bayraq meydanında aparılan yenidənqurma işləri başa çatdırılmış, Heydər Əliyev parkının ərazisi 1500 kv.m.-ə yaxın artırılmışdır. Hazırda parkın ərazisində bayraq muzeyinin tikintisi sürətlə aparılır.
Avtovağzal binası qəzalı vəziyyətdə olması ilə əlaqədar 2015-ci ildə sökülmüş, rayon sakinləri və qonaqlar həmin ərazidəki primitiv qaydada düzəldilmiş müvəqqəti avtostansiyadan istifadə edirlər.  Sərnişin daşınması üçün heç bir rahatlığın olmaması vətəndaşların haqlı narazılığına səbəb olduğu üçün rayon icra hakimiyyətinin təşəbbüsü ilə ötən il şəhərin Natəvan küçəsində yeni 120 yerlik gözləmə zalı olan avtovağzal binasının tikintisinə başlanılmış və yaxın vaxtlarda obyektin istifadəyə verilməsi nəzərdə saxlanılır.
Göyçay-Bərgüşad avtomobil yolunun Yuxarı Şirvan kanalına qədər olan 2 km-lik hissəsi yenidən qurularaq genişləndirilmiş, dörd zolaqlı olmaqla yeni asfalt örtüyü vurulmuş, həmin ərazidə yol kənarlarında baxımsız vəziyyətdə olan ticarət və xidmət obyektlərinin qarşısında lazımi səliqə və səhman işləri aparılmışdır. Kərpic zavodunun yaxınlığında fərdi layihə əsasında ünvan göstəricisi inşa edilmişdir.
Olimpiya İdman Kompleksinin qarşısında müasir memarlıq uslubunda vaxt göstəricisi inşa edilmiş, ətrafı abadlaşdırılmış, yeni çəmənlik salınmış və gül kolları əkilmiş, gecə işıqlanması təmin edilmişdir. Bu ərazidə həmçinin Göyçay şəhərinə giriş qapıları inşa edilmiş, qapılara şəhərin adı, həmçinin rayonun simvolu olan nar maketi vurulmuşdur.
Şəhərin Ə.Səmədli, Həbibi, Ş.Qurbanov, İ.Coşqun, Ə.Cavad küçələrində və 13 çoxmənzilli yaşayış binalarının həyətlərində 44 min kv.m-dən artıq yeni asfalt örtüyü salınmış, şəhərin park və xiyabanlarının, mövcud bağların abadlaşdırılması istiqamətində xeyli işlər görülmüş, şəhərin bir çox küçələrində yeni yaşıllıqlar və çəmənliklər salınmış, 10 mindən artıq qızıl gül kolu əkilmişdir.
Rayon icra hakimiyyətinin inzibati binasında, şəhərin mənzil fonduna daxil olan 11 ədəd 5 və 10 ədəd 2 mərtəbəli binalarında əsaslı təmir işləri aparılmışdır.
Hesabat dövründə şəhər təsərrüfatının idarə edilməsinin təkminləşdirilməsi, şəhərin təmiz və səliqəli saxlanılması, məişət tullantılarının vaxtında daşınması, küçə və məhəllələrdə sanitar-gigiyenik və ekoloji tələblərə əməl edilməsi istiqamətində xeyli işlər görülmüş, əvvəlki illərə nisbətən bu sahəyə cavabdeh olan müəssisə və təşkilat rəhbərlərinin fəaliyyəti müsbətə doğru dəyişmişdir. Şəhərdə ticarət, sanitariya qaydalarını pozanlara, ərazini çirkləndirənlərə qarşı mübarizə xeyli gücləndirilmişdir. Rayon əhalisinə kənd təsərrüfatı məhsulları satışında lazımi qayda yaradılması üçün tədbirlər görülmüş, rayon Gigiyena və epidemiologiya mərkəzinin və Baytarlıq idarəsinin qaldırdıqları iddia əsasında uzun illər keçmiş Avtonəqliyyat müəssisəsinin ərazisində fəaliyyət göstərən ən adi sanitar və baytarlıq qaydalarına cavab verməyən bazarın fəaliyyəti dayandırılmış, əhalinin rahatlığını təmin etmək üçün şəhərin M.Hüseynzadə küçəsində örtülü kənd  təsərrüfatı  məhsullarının   pərakəndə  satış  bazarı  istifadəyə verilmişdir. “Təzə bazar”ın açılmasını rayon sakinləri böyük razılıq hissi ilə qarşılamışlar. Ümumi sahəsi 5 min kv.m, 300 satış yeri olan bazarda həm alıcılar, həm də kənd təsərrüfatı məhsullarını satanlar üçün normal şərait yaradılmışdır.
2018-ci ilin yanvar ayının 29-da Bakı şəhərində Heydər Əliyev Mərkəzində «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək qeyd etmişdir ki, bu il üçüncü dövlət proqramının icrası başa çatır və bütövlükdə qarşıda duran bütün vəzifələr artıqlaması ilə icra edilir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş birinci proqram Azərbaycan regionlarında dönüş yaratmış və son 14 il ərzində ölkəmiz böyük və şərəfli yol keçmiş, böyük uğurlar əldə edilmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkə prezidenti son 14 il ərzində regional inkişaf proqramlarının yerinə yetirilməsi barədə ətraflı hesabat vermiş və bildirmişdir ki, bütövlükdə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problem yoxdur. Yekunda ölkə prezidenti bu il görüləcək işlər barədə konkret tapşırıqlarını vermişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi rayonumuzun da inkişafında ciddi dönüş yaratmışdır. Son 14 ildə rayon üzrə ümumi məhsul buraxılışı 6 dəfə, sənaye məhsulunun həcmi 8,3 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 3,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 28,3 dəfə artmışdır.  Birinci dövlət proqramı qəbul edildikdən sonra rayonda 2984 yerlik 14 məktəb binası istifadəyə verilmiş, 5124 şagird yerlik məktəb binası əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, 5 məktəbdə 576 şagird yerlik əlavə sinif otaqları inşa edilmişdir. 9 min nəfər əhalinni yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ləkçıplaq-Şıxəmir, 7 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Yenikənd avtomobil yolu, Göyçay-Ucar avtomagistralı çəkilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Göyçay çayının məcrasında səviyyə qaldıran qurğu, Yuxarı Şirvan kanalı üzərində 3 mq.v gücündə su elektrik stansiyası inşa edilmişdir. Bir sıra infrastruktur obyektləri istifadəyə verilmiş, Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemi yenidən qurulmuş, rayon mərkəzi də daxil olmaqla 44 yaşayış məntəqəsi qazlaşdırılmışdır. Emal müəssisələrində əsaslı yenidənqurma işləri aparılmış, ən müasir avadanlıqlarla təmin olunaraq ixrac yönümlü məhsul istehsalına başlanılmışdır. Ötən illər ərzində Heydər Əliyev və Gənclər Mərkəzləri, Olimpiya İdman Kompleksi, Şahmat məktəbi, Musiqi məktəbi, YAP rayon təşkilatı üçün inzibati bina istifadəyə verilmiş, genişmiqyaslı abadlıq və quruculuq işləri aparılmışdır.
Üçüncü Dövlət Proqramında Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi sahəsində 2017-ci ildə də müəyyən işlər görülmüşdür.
Rayonda emal sənayesinin inkişaf etdirilməsi, mövcud potensialdan daha dolğun istifadə edilməsi sahəsində əməli tədbirlər davam etdirilmiş, “Aznar” Qapalı Səhmdar Cəmiyyətində şəkərsiz kompot istehsalı sexində avtomatlaşdırılmış axın xətləri quraşdırılmış, “Göyçay-Süd” ASC-nin pendir sexində yenidənqurma işləri aparılmaqla istehsal gücü əlavə olaraq 5 ton artırılmışdır. Bütün bunlar həmin müəssisələrdə  rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalını əsaslı şəkildə artırmışdır.
Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşən Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsi çərçivəsində rayonun Şəhadət kəndində şəhərin çirkab sularını təmizləyən qurğu kompleksinin tikintisi davam etdirilmişdir və   gün ərzində 10 min kub m. çirkab su təmizləmə gücü olan kompleksin cari ilin aprel ayında itifadəyə verilməsi nəzərdə tutulur.
Rayon ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi, yerli əhəmiyyətli kəndlərarası avtomobil yollarının yenidən qurulması və əsaslə təmirinin davam etdirilməsi istiqamətində əməli tədbirlər görülmüş, Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2017-ci il tarixli sərəncamına əsasən ayrılmış vəsait hesabına 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini əhatə edən Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisinə başlanılmışdır.
Təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri istiqamətində işlər davam etdirilmiş, 2017-ci ildə Hacağabəyli kəndində 24 yerlik modul tipli sinif komplekti, Ərəbşahverdi kəndində 40 yerlik modul tipli ibtidai məktəb binası tikilib istifadəyə verilmiş, şəhər 2 saylı, Qaraman və Mallı-şıxlı kənd tam orta məktəbləri əsaslı təmir olunmuşdur.
Üçüncü Dövlət Proqramının həyata keçirildiyi 2014-2017-ci illərdə 3831 yeni iş yeri açılmışdır. Bütövlükdə birinci dövlət proqramı qəbul edilən 2004-cü ildən rayonda 13870 yeni iş yeri açılmışdır ki, bunun da 11819-u  və ya 85,2 %-i daimi iş yerləridir.
Çıxışlarda əhalinin elektrik enerjisi, təbii qaz, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması və digər sahələrdə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələr müzakirə edilib.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin üzvləri Elman Nəsirov və Sabir Hacıyev də iştirak və çıxış ediblər.

 

Keçidlər