Təhsil işçilərinin konfransı
Göyçay rayonunun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Tədbir iştirakçıları və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoymuşlar. Yeni dərs ili ərəfəsində keçirilən tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, idarə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Rayon təhsil şöbəsinin müdiri Asif Nəbiyev çıxışında bildirmişdir ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar təhsil sahəsindən də yan keçmir və bu gün gənclərin mükəmməl təhsilə yiyələnməsi, dünyanın nüfuzlu ali təhsil ocaqlarında oxuması, bütün sahələrdə ixtisaslı kadrların hazırlanması, paytaxtla yanaşı regionlarda da məktəblərin müasir standartlar səviyyəsində yenidən qurulması, tədrisin keyfiyyətinin artırılması üçün maddi-texniki bazanın gücləndirilməsi və kadr çatışmazlığı problemlərnin aradan qaldırılması məsələləri dövlətin daim diqqət mərkəzindədir. Ölkə rəhbəri İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkədə təhsilin inkişafı istiqamətində göstərdiyi xidmətlərdən bəhs edən natiq bu diqqət və qayğının Göyçay məktəblərində də daim hiss olunduğunu, rayon təhsilində ildən-ilə yeni uğurlar əldə edildiyini xatırlatmışlar.
Asif Nəbiyev 2011-2012-ci tədris ilində görülmüş işlər, qazanılmış uğurlar barədə hesabat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır. Hesabat məruzəsində qeyd olunmuşdur ki, son bir ildə rayon məktəblərinin maddi-texniki bazası xeyli gücləndirilmiş, şagirdlərin dərsə davamiyyəti yaxşılaşmış və biliyin səviyyəsi yüksəlmişdir.
Rayonda istedadlı şagirdlərin üzə çıxarılması və onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə xüsusi diqqət göstərilmiş və məktəblilər müxtəlif müsabiqələrdə, idman yarışlarında mükafatlar qazanmışlar.
2011-2012-ci tədris ilində rayon məktəblərində XI sinifi bitirən məzunlardan 575 nəfəri ali məktəblərə, 527 nəfəri isə orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak etmişdir. Nəticədə 314 nəfər ali məktəblərə, 91 nəfər orta ixtisas məktəblərinə daxil olmuşdur. Abituriyentlərdən 12 nəfəri 600-dən yuxarı, 41 nəfəri 500-dən yuxarı bal toplamışdır. Abituriyentlərin ali məktəblərə qəbul olunma faizi ötən illə müqayisədə 4.1 faiz artmışdır. Şəhər 1, 3, 4, 5, 6, 7 saylı məktəblər, Ləkçiplaq kənd 1 və 2 saylı, Kürdəmiş, Şəkər, Qaraməryəm kənd tam orta məktəbləri daha uğurlu nəticələr göstərmişlər. Hesabat ilində dövlət proqramına uyğun olaraq Ləkçiplaq kənd 2 saylı, Çərəkə kənd 2 saylı məktəblər üçün 360 yerlik binaların inşası başa çatdırılmış, Ulaşlı-Şıxlı kənd məktəbi üçün 280 yerlik binanın tikintisinə başlanılmış, Şəkili kənd ümumi orta məktəbi üçün 80 yerlik, şəhər 4 saylı uşaq bağçası üçün 40 yerlik binanın tikintisi üçün layihə-smeta sənədləri hazırlanmışdır. Heydər Əliyev Fondunun vəsaiti hesabına şahmat məktəbinin əsaslı təmiri işlərinə başlanılmışdır.
Yeni dərs ilinə hazırlıq işləri çərçivəsində təhsil, təlim-tərbiyə ocaqlarında cari təmir işləri başa çatdırılmış, səliqə-səhman yaradılmışdır. Şagirdlərin dərslik problemi həll edilmişdir. Belə ki, bu il bölgü əsasında 92 adda 22 min ədəd dərslik və 14 min ədəd məktəbli kitabçası rayona gətirilərək məktəblərə paylanılmışdır. Tədbirdə Göyçay şəhər 7 saylı orta məktəbin direktoru Adil Məmmədov, Ləkçıplaq kənd 2 saylı məktəbin direktoru Əhməd Quliyev, Çərəkə kənd 2 saylı məktəbin direktoru Xuraman Məcidova, Şahmat UGİM-in baş məşqçisi Kamran Salehov çıxış etmişdir. Yığıncaqda rayon təhsilinin inkişafı istiqamətində görülmüş işlər və əldə edilən nəticələr pedaqoji işçilərin iştirakı ilə geniş təhlil edilmiş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı çıxış edərək dövlətin təhsilə olan qayğısından, ölkəmizdə təhsil strategiyasının uğurla həyata keçirilməsindən, bu sahədə əldə edilən nailiyyətlərdən danışmış, yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini, tələbə və şagirdləri təbrik etmişlər.
Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət ünvanlanmışdır.