Göyçayda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi və yeni il münasibəti ilə tədbir keçirilib
Dekabr ayının 30-da «Şah» şadlıq sarayında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi və yeni il münasibəti ilə tədbir keçirilib.
Yeni ilin gəlişi ilə bağlı şəhərin küçələri, park və xiyabanları, meydanları bayramsayağı bəzədilib. Şəhərin mərkəzi meydanlarında hündür yolka ağacları qurulub. Uşaqlar valideynləri ilə birgə yolkanın ətrafında Yeni ilin personajları olan Şaxta baba və Qar qız ilə birlikdə şəkil çəkdirir, əylənirlər.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, din xadimləri, gənclər və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək dövlətçiliyin möhkəmlənməsində bu bayramın rolunun böyük olduğunu, ümummilli lider Heydər Əliyev tərəfindən müasir Azərbaycanın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1991-ci il dekabr ayının 16-da 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Bu bayram dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıları birləşdirmək, onlar arasında birlik və həmrəylik yaratmaq işində müstəsna əhəmiyyətə malikdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayıb. Bu gün dünya azərbaycanlıları iftixarla müstəqil dövlətlərinin olduğunu görür və qürur hissi keçirirlər. Bu gün də bu siyasətin prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Yekunda incəsənət ustalarının ifaları, uşaq yaradıcılıq kollektivinin rəngarəng çıxışları, müxtəlif kompozisiyalar iştirakçılarda xoş təəssürat oyadıb.