Göyçay rayonunda «Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələri»nə dair işgüzar forum keçirilmişdir.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu dekabr ayının 7-də Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində «Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələri»nə dair işgüzar forum keçirmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının böyük uzaqgörənliklə apardığı iqtisadiyyatın şaxələndirilməsi siyasəti respublikanın iqtisadi dayanıqlığının təmin olunmasına, regionlarda iqtisadi potensialın artırılmasına, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə səbəb olmuş, eləcə də ölkənin strateji inkişaf hədəflərinə və müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli tövhə vermişdir.
Regionların tarazlı və davamlı inkişafı, qeyri neft sektorunun yüksəlişi, yeni istehsal müəssisələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər keçirən dövlət başçısının ölkədə milli sahibkarlığın inişafının stimullaşdırılması ilə bağlı gördüyü işlər rayonumuzda da özəl sektorun dinamik inkişafına güclü təkan vermişdir. Yerli sahibkarlar və iş adamları rayonun sosial-iqtisadi inkişafın sürətləndirilməsində əhalini narahat edən problemlərin həllində fəal iş aparırlar. İnvestorların rayona cəlb edilməsi üçün əlverişli mühitin yaradılmasının nəticəsidir ki, təkcə bu ilin ötən 11 ayı ərzində iş adamları tərəfindən 10 milyon manatdan artıq investisiya qoyulmuşdur. Rayonda kiçik və orta sahibkarlara məsləhət, informasiya və tədris xidmətləri göstərmək məqsədi ilə İqtisadiyyat Nazirliyinin Göyçay Biznes Tədris Mərkəzi fəaliyyət göstərir. Nazirlilyin Sahibkarlığa Kömək Milli Fondundan təkcə bu il 8 sahibkarlıq subyektinə 1,3 milyon manat vəsait ayrılmışdır. Bütövlükdə 2002-2017-ci illərdə 302 sahibkarlıq subyektinə 13,8 milyon manat kredit verilmiş və bu kreditlər hesabına 1552 yeni iş yeri yaradılmışdır.
Tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 1850-dək sahibkarlıq subyektinin ümumi dəyəri 500 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 121,7 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, ümumilikdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 13500-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 545 milyon manat güzəştli kredit ayrılıb.
Tədbirin sonunda sahibkarları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmış və onlara nümunəvi investisiya layihələri təqdim edilmişdir