Tələbələr mükafatlandırılmışdır
Sentyabrın 4-də Göyçay rayonunda bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərlə görüş keçirilmişdir. Əvvəlcə rayonun təhsil işçiləri və tələbələr dahi şəxsiyyət Heydər Əliyevin Göyçay şəhərindəki abidəsi önünə gül dəstələri düzərək ulu öndərin xatirəsini ehtiramla yad etmişlər. Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən, qazanılan uğurlardan danışmışlar. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin təhsil sahəsindəki uğurlu siyasəti bu gün dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirilir. Çıxışlarda qeyd edilmişdir ki, xalqımızın böyük oğlu Heydər Əliyev cəmiyyətin gələcək inkişafının məhz sağlam gəncliyin yetişməsindən asılı olduğunu nəzərə hələ ötən əsrin 70-80-ci illərində Azərbaycan mühitinə maarif işığı gətirmiş, bütün pillələrdə təhsil probleminin həllinə çalışmışdır. Nəticədə ölkəmizdə mahiyyət etibarı ilə gəncliyin yetişməsinə nail olunmuş, xalqımızın milli kadr potensialı xeyli dərəcədə zənginləşmişdir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası Azərbaycanın parlaq gələcəyinə hesablanmışdır. Natiqlər tələbələri təbrik etmiş, onlara yeni uğurlar arzulamışdır.
Məlumat verilmişdir ki, cari ildə Göyçayın orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 575 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmiş və onlardan 314-ü tələbə adını qazanmışdır. Tələbələrdən 12-i 600-dən yuxarı bal toplamışdır. Rayonun məzunları arasında ən yüksək nəticəni Göyçay rayon Ləkçiplaq kənd orta məktəbin məzunu Pəri Əliyeva əldə etmişdir. O, imtahanda 653 bal toplayaraq Azərbaycan Dillər Universitetinin tərcüməçilik fakultəsinə daxil olmuşdur. Mərasimdə ali məktəblərə qəbul zamanı 500 və 600-dən yuxarı bal toplamış tələbələrə qiymətli hədiyyələr təqdim edilmişdir.
Tələbələr çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq etmişlər.