Göyçay rayon İcra Hakimiyyəində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.
Bu ilin doqquz ayında Göyçay rayonunda infrastruktur layihələrinin həyata keçirilməsi, aqrar sahənin daha da inkişaf etdirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, məhsul istehsalı və xidmətlərin ümumi həcmi 2016-cı ilin birinci yarısına nisbətən 5,5 faiz və ya 19,8 milyon artaraq 199,1 milyon manat olub.
Bu barədə ötən doqquz ayda Göyçay rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında məlumat verilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bildirib ki, hesabat dövründə aqrar sahədə bir sıra uğurlar əldə edilib. Belə ki, 2017-ci ilin məhsulu üçün 22324,2 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılıb ki, bu da ötən ilə nisbətən 1119,2 hektar və ya 5,2 faiz çoxdur. Cari ildə 14841 hektar dənli və paxlalı bitkilər, 433,7 hektar qarğıdalı, 219 hektar çəltik, 41 hektar soya, 156 hektar kartof, 1080,5 hektar tərəvəz, 5724 hektar yonca əkilib.
Cari mövsümdə 14617 hektar sahədən 41,2 min ton taxıl biçilib. Cari ildə 44 kümçüyə 1900 qram ipəkqurdu verilib, 5293 kiloqram barama tədarük edilib. Həmçinin 219 hektar sahədən 250 tondan artıq çəltik, 434 hektar sahədən 438 ton qarğıdalı, 280 hektar ərazidə salınmış 7565 istixanadan 30 min tondan artıq faraş pomidor və xiyar istehsal olunub. 2017-ci ilin 9 ayı ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 19,1 milyon manat vəsait yönəldilib, 18,5 milyon manatlıq tikinti işləri görülüb ki, bunun da 83,1 faizi istehsal təyinatlı obyektlərin tikintisinə istifadə edilib.
Hesabat dövründə “Azəravtoyol” ASC tərəfindən rayonun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Yolun ümumi uzunluğu 17,7 kilometr, eni 10 metr olacaq. Bundan əlavə, rayonda avtovağzal binası da tikilir. Heydər Əliyev parkında, bayraq meydanında aparılan yenidənqurma işləri başa çatdırılıb, ərazidə yeni bayraq muzeyinin tikintisi, Əli Kərim parkının əsaslı şəkildə yenidən quruması işləri davam etdirilir. Həmçinin 2500 nəfər tamaşaçı tutumu olan mərkəzi stadionda əsaslı yenidənqurma işləri davam etdirilir, ərazidə yeni basketbol meydançası inşa olunur.
Bildirilib ki, hesabat dövründə əsaslı təmir olunan Göyçay şəhər 2 nömrəli orta məktəbin və Qaraman kənd orta məktəbin binaları, Hacağabəyli kəndində yeni tikilən 24 yerlik sinif komplekti, Ərəbşahverdi kəndində 40 yerlik modul tipli məktəb binası istifadə verilib, hazırda Alıkənd kəndində 40 yerlik modul tipli məktəb binasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanır. Rayonun Yalman kəndində Sahibkarlığa Kömək Milli Fondunun və sahibkarın vəsaiti hesabına Logistik Mərkəz və Xurma Qurutma Fabriki, 2000 tonluq soyuducu anbar kompleksi tikilir. Keçmiş Pambıq Əyirici və Toxuculuq Fabrikinin bazasında yeni istehsal sahələrinin yaradılması istiqamətində yenidənqurma işləri davam etdirilir.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə rayonun 6 kəndində modul tipli sutəmizləyici qurğu inşa edilir, “Azərsu” ASC-nin sifarişi ilə 15 kəndə içməli su xətti çəkilir. Hesabat dövründə rayonun Cəyirli kəndinin ərazisində regionda ən iri tikinti materiallarının topdan və pərakəndə satış bazası istifadəyə verilib, hazırda inşa edilən “yaşıl market”in tikintisində son tamamlama işləri aparılır. Cari ilin yanvar-sentyabr ayları ərzində 1033 yeni iş yeri açılıb ki, bunun da 1026-sı daimidir.
Sonda idarə və təşkilat rəhbərlərinin görülmüş işlər barədə məlumatları dinlənilib, mövcud vəziyyət ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.