Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda Bioloji Təbabət Klinikası istifadəyə verilmişdir

16 iyun 2012 | 15:00

Göyçay şəhərində ilk özəl səhiyyə ocağı olan Bioloji Təbabət Klinikası istifadəyə verilmişdir. 15 iyun-Milli Qurtuluş Günü ərəfəsində fəaliyyətə başlayan klinikanın açılışında Milli Məclisin deputatı Sabir Hacıyev, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, klinikanın təsisçi direktoru Elxan Yaqubov, rayon ictimaiyyətinin nümayəndələri, səhiyyə işçiləri iştirak etmişdir. Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin səhiyyə sahəsinin inkişafındakı xidmətlərindən danışmış, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycan səhiyyəsinin sürətlə inkişaf etdiyini, dünya standartlarına uyğun olaraq yenidən qurulduğunu vurğulamışlar.
Natiqlər son illər Azərbaycanda səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi, tibb ocaqlarının əsaslı təmir edilməsi, müasir müalicə-diaqnostika mərkəzlərinin, özəl klinikaların tikilib istifadəyə verilməsini, kadr çatışmazlığı probleminin aradan qaldırılması istiqamətində görülən əməli tədbirləri yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, 2009-cu ildən Bakıda fəaliyyətə başlayan və müasir alman texnologiyaları, bioloji-təbii üsullar və dərman preparatları ilə müxtəlif ağır xəstəliklərin müalicəsini həyata keçirən Bioloji Təbabət Klinikası regionlarda da filiallarını açmağı qarşıya məqsəd qoymuşdur. İlk olaraq Göyçayda fəaliyyətə başlayan bölgə klinikası ətrafdakı 7 rayonun sakinlərinə xidmət göstərəcəkdir. Qarşıdakı günlərdə Gəncə şəhərində, daha sonra isə Lənkəran və Qubada bu klinikanın bölgə filialları açılacaqdır. Bioloji təbabət üsulu ilə hazırda dünyanın 60-a yaxın ölkəsində müalicələrin aparıldığı, ölkəmizdə bu sahənin daha da genişləndirilməsi üçün Bakıdakı Bioloji Təbabət Klinikasının elmi-tədqiqat institutu kimi fəaliyyət göstərməsi istiqamətində işlərin aparıldığı bildirilmişdir.
Çıxışlardan sonra səhiyyə ocağının açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş və klinikanın müayinə və müalicə otaqlarında yaradılmış şəraitlə, müasir tibbi və diaqnostik avadanlıqlarla, bioloji müalicə üsulları ilə tanışlıq olmuşdur. Məlumat verilmişdir ki, iki mərtəbəli klinikada Bakıda və Almaniyada təcrübə keçmiş 30 tibb işçisi çalışır və daha 20 nəfərin isə Bakıda almaniyalı həkimlərin rəhbərliyi ilə keçirilən ixtisasartırma kurslarına cəlb edildiyi vurğulanmışdır.
Rayon sakinləri regionlarda səhiyyə sahəsinin inkişaf etdirilməsinə və Almaniyanın müasir biloji təbabət üsulu ilə yeni müayinə və müalicələrin aparılmasına şərait yaratdığına görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq etmişlər.

Keçidlər