Göyçay təhsili özünün inkişaf dövrünü yaşayır
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilən tədbirlərin uğurlu nəticəsidir ki, ölkəmizin bütün bölgələrində, o cümlədən Göyçayda təhsil sahəsi sürətlə inkişaf edir. Son vaxtlar rayonda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də canlanma hiss olunmaqdadır. Rayonda təhsilin maddi-texniki bazasının genişləndirilməsi, yeni məktəblərin tikintisi daim diqqət mərkəzindədir. Rayonda məktəblər üçün yeni binaların inşası və ya onların təmiri, uşaq bağçalarının əsaslı təmiri istiqamətində görülən işlər geniş vüsət almışdır. Belə ki, son illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçayda 9 yeni məktəb binası tikilərək istifadəyə verilmiş, 8 təhsil ocağı əsaslı şəkildə yenidən qurulmuşdur. Hazırda isə Çərəkə və Ləkçiplaq kəndlərində 360 yerlik məktəb binalarının inşası sürətlə davam etdirilir. Binanın hörgü işləri başa çatdırılmış, dam örtüyü quraşdırılmış və hazırda binanın sinif otaqları və fasad hissəsi üzlənilir. Hər iki binanın yeni dərs ilində müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Həmçinin, bu günlərdə Ulaşlı-Şıxlı kənd məktəbi üçün 220 şagird yerlik yeni binanın inşasına başlanılmışdır. Şəkili kəndində 80 yerlik məktəb binasının və Göyçay şəhər 1 saylı uşaq bağçası üçün 40 yerlik yeni binanın inşası üçün layihə-smeta sənədləri hazırlanır. Yaxın günlərdə inşaat işlərinə başlanılması gözlənilir. Bu gün rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müəllimlərin elmi-metodiki hazırlığının daha da yüksəldilməsinə, yeni təlim texnologiyalarından istifadə edilməsinə xüsusi əhəmiyyət verilir. Hər il cari dərs ilinə başlamamışdan əvvəl bütün məktəblərdə təmir işləri aparılır. Məktəblərə yumşaq inventar, stol, stul, parta, yazı lövhəsi alınaraq paylanılır. Təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramına uyğun olaraq məktəblərin kompyuterlə təchizatına diqqət artmış və ölkədaxili sürətli internet şəbəkəsinə qoşulması davam etdirilir.