Göyçayda yaşayış binalarının fasad hissələri müasirləşir
Bu gün Göyçay ölkəmizin sürətlə inkişaf edən qabaqcıl rayonlarından biridir. Özünün yeni inkişaf dövrünə qədəm qoyan rayonumuz artıq neçə illərdir ki, yenidənqurma və quruculuq yürüşünün ön sıralarında irəliləyir. Hazırda rayon mərkəzində geniş tikinti-quruculuq və abadlıq işləri görülür. Bir tərəfdə möhtəşəm bayraq meydanı inşa edilir, şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur, küçələrə yeni asfalt örtüyü vurulur, digər tərəfdə isə yaşayş binalarının fasad hissələri təzələnir, onların giriş hissələri bərpa edilir.
Bu gün beşmərtəbəli yaşayış binalarının fasad hissələrinin müasir üslubda yenidən qurulması işləri uğurla davam etdirilir, ətrafda təmizlik, səliqə-səhman işləri görülür, kiçik sahibkarlıq obyektlərinin, həyət evlərinin divarları rənglənir. Şəhərdə aparılan abadlıq-quruculuq işləri yerli sakinlərlə yanaşı, rayona gələn qonaqlara da xoş ovqat bəxş edir.