Prezident İlham Əliyev cənablarının 04.08.2017-ci il tarixdə «Barama, tütün və fındıq istehsalının inkişafı» məsələlərinə dair respublika müşavirəsində nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı yığıncaq keçirilmişdir.
Yığıncaqda xidməti və inzibati orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar iştirak ediblər.
Yığıncağı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə Qax şəhərində «Barama, fındıq və tütün istehsalının inkişafına» həsr olunmuş geniş müşavirədə Respublikamızın iqtisadi inkişafında, müstəqilliyimizin ilk illərində baş verən tənəzzüldən, sonradan ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi siyasətdən və sonraki illərdə əldə olunan uğurlu nəticələrdən, aqrar sahədə, kənd təsərrüfatının inkişafı məsələlərindən və bu sahədə görülən işlər və qarşıda duran vəzifələrdən danışmışdır.
Rayon icra hakimiyyətinin başçısı son illər ölkə başçısı tərəfindən imzalanmış çoxsaylı sosial-iqtisadi inkişafla bağlı Dövlət Proqramlarından, aqrar sahənin orta və uzun müddətli inkişaf strategiyasından irəli gələn vəzifələrin səmərəli icrasını qeyd etmiş və kənd təsərrüfatı məhsullarının istehsalından son illərdə əldə olunan xeyli gəlirlərin kənd sakinlərinin rifah halının yaxşılaşdırılmasına öz tövhəsini verdiyini xüsusi vurğulamışdır.
Yığıncaqda çıxış edən Göyçay kənd təsərrüfatı idarəsinin rəisi Elçin İsmayılov Göyçay rayonunda kənd təsərrüfatı işlərinin gedişi barədə qısa məlumat verərək bildirmişdir ki, baramaçılıq sahəsinin inkişaf etdirilməsi, rayonun əvvəlki illərdəki şöhrətinin qaytarılması istiqamətində müvafiq iş aparılır. Taxıl istehsalında əldə olunan müsbət nəticələri qeyd etmiş və vaxtında itkilərə yol vermədən 28,2 sentner məhsul yığılmasını bildirmişdir.
Ötən il rayonda 70 min ədəd, o cümlədən Çin Xalq Respublikasından gətirilən 40 min ədəd, həmçinin 30 min ədəd yerli tut tingləri əkilmişdir. Tut tinglərinə lazımi aqrotexniki qulluq göstərilir və onların qorunması təmin olunmuşdur. Cari ildə 44 kumdarla 1900 qram barama qurdu bəslənməsi üçün müqavilələr bağlanılmış, 5293 kq. barama tədarük edilərək tapşırığa vaxtında 105,9 faiz əməl edilmişdir. Barama tədarükünün həcmi ötən ilə nisbətən 4,6 dəfə çox olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə barama qurdlarının becərilməsində ötən dövrdə nöqsan və çatışmamazlıqlara da yol verildiyini, mövcud imkanlardan bəzi hallarda səmərəli istifadə olunmadığını xüsusi qeyd etmişdir. Bir çox kəndlərdə barama qurdlarının saxlanması üçün yerlərin müəyən edilməsində kumxanalarda temperatur rejiminə əməl edilməsində, qurdların yemlənməsində zootexniki qaydalara tam əməl olunmadığını, bir çox hallarda barama toxumları becərilmək üçün bu sahədə heç bir səriştəsi olmayan şəxslərin iştirak etdiyini qeyd etmişdir.
Bütün bunların nəticəsində barama qurdları arasında müxtəlif yaş dövrlərində itkilər olmuş, nəticədə bir neçə kümdar nəzərdə tutulduğundan xeyli az məhsul istehsal etmişdir.
Rayon rəhbəri bildirdi ki, barama qurdlarının rayona gətirilməsi zamanı keyfiyyətinə və çəkisinə xüsusi nəzarət təmin olunmalı, barama qurdlarının bəslənilməsi üçün yerlərin seçilməsinə xüsusi diqqət yetirilməli, barama qurdları bu işdə səriştəsi olan kənd sakinlərinə verilməli, həmçinin barama qəbulu məntəqəsinin inşa edilməsi üçün müvafiq torpaq sahəsi seçilməlidir. Həmçinin yeni tut ağaclarının əkilməsi və becərilməsi üçün tədbirlərin görülməsindən, mövcud tut ağaclarının keyfiyyətli, aqrotexniki qaydalara uyğun olaraq budanmasından və barama qurdları bəslənərkən onların ciddi mühafizəsinin təşkil olunmasından danışılmış və bu işlərin təşkil olunması üçün yaradılmış zona rəhbərlərinə, yerli icra və bələdiyyə nümayəndələrinə və polis işçilərinə ciddi tapşırıqlar vermişdir. O bildirmişdir ki, növbəti dövrdə rayon zəhmətkeşləri, kənd təsərrüfatı işçiləri bütün qüvvə, imkan və bacarıqlarını səfərbər etməli, dövlət başçısının verdiyi tapşırıqları vaxtında məsuliyyəti artırmaqla barama tədarükü ilə qarşıda duran öhdəlikləri layiqincə yerinə yetirilməlidir. Bütün bunlarla yanaşı hazırda rayonda 400 hektar sahədə qarğıdalı yetişdirildiyi bildirilmiş, yüksək məhsuldarlıq əldə olunduğu və qarşıda duran ən mühim vəzifə bu sahələrin mühafizəsini yüksək səviyyədə təşkil olunmasının vacibliyini yığıncaq iştirakçılarının diqqətinə çatdırılmışdır.
Sonda rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bu sahədə növbəti ildə yüksək nəticə əldə edilməsi məqsədi ilə mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılması haqqında və növbəti mövsümədək bu sahədə olan çətinliklərin tezliklə aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını da vermişdir.