Göyçayda dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər
Göyçayda 23 iyun - dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir təşkil olunub.
Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda keçirilən tədbirdə əvvəlcə dövlət qulluqçuları ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov 23 İyun - Dövlət qulluqçularının peşə bayramının dövlət qulluqçuları üçün olan əhəmiyyətindən danışıb.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək qeyd edib ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ulu öndər Heydər Əliyevin xidmətlərini yüksək dəyərləndirən icra hakimiyyətinin başçısı bu gün də bu siyasətin ölkə prezidenti tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Dövlət qulluqçularının peşə bayramı məhz Prezident İlham Əliyev cənablarının 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis olunub.Bu müddət ərzində Azərbaycan Prezidentinin sərəncamları ilə bir çox dövlət qulluqçusu yüksək ixtisas dərəcəsi alıb, dövlət qulluqçuları üçün təsis olunmuş "Vətənə xidmətə görə" ordeninin müxtəlif dərəcələri, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Əməkdar dövlət qulluqçusu" adları yaranıb. Hamımıza məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli sərəncamı ilə rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Mahir Emin oğlu Məlikov “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülməsi bunun bariz numunəsidir. Bu bayram münasibəti ilə rayon icra hakimiyyətinin başçısı dövlət qulluqçularını bir daha təbrik edib, onlara bu məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edənlər dövlət qulluqçularının rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatındakı fəaliyyətlərini yüksək qiymətləndirərək onlara ən xoş arzularını çatdırıblar. Bayram münasibəti ilə dövlət qulluqçularının bir qrupu səmərəli fəaliyyətlərinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıblar.
Sonra isə Heydər Əliyev parkında aparılmış abadlıq-quruculuq işlərinə baxış keçirilmiş, yenidən istifadəyə verilmiş bayraq meydanında dövlət qulluqçularının gəzintisi təşkil olunmuşdur.
Yekunda 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü ilə əlaqədar Göyçay Mədəniyyət Mərkəzində Göyçay rayon xalq teatrının hazırladığı teatr tamaşasına baxış keçirilmişdir.