Göyçay rayonunda xalq şairi Rəsul Rzanın anadan olmasının 107-ci ildönümü qeyd olunub.
Rəsul Rza adına Göyçay Rayon Mədəniyyət Evində keçirilən ədəbi-bədii gecədə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış ediblər.
Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Rəsul Rza yaradıcılığından, onun həyat və fəaliyyətindən danışan natiqlər bildiriblər ki, Rəsul Rza milli söz sənətimizə yeni forma və ruh gətirmiş novator şairdir. Uzun illər çox dəyərli ədəbi nümunələr yaratmaqla yanaşı, respublikanın elmi-mədəni həyatında da yaxından iştirak edib.
Qeyd olunub ki, şairin xatirəsinin əbədiləşdirilməsi üçün doğulduğu və yaradıcılıqla məşğul olduğu Göyçay şəhərində ev-muzeyi fəaliyyət göstərir, orta məktəblərdən və küçələrdən birinə onun adı verilib, büstü qoyulub.
Ədəbi-bədii gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar atasının yaradıcılığına göstərilən diqqətə və təntənəli gecənin təşkilinə görə tədbir iştirakçılarına, çıxış edənlərə təşəkkürünü bildirib. Qeyd edib ki, bir neçə il əvvəl xalq şairi Fikrət Qocanın rəhbərliyi ilə Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondu yaradılıb. Hər il bu Fond tərəfindən Rəsul Rzanın doğum günündə mükafatlar təqdim olunur.
Fondun sədri Fikrət Qoca Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlıya və Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, təqaüddə olan ədliyyə general-mayoru Akif Rəfiyevə “Rəsul Rza mükafatı”nı təqdim edib.
Mərasimdə məktəblilər Rəsul Rzanın şeirlərini oxuyub, yerli musiqiçilər şən mahnılar səsləndiriblər.
Sonra qonaqlar əsaslı təmirdən sonra istifadəyə verilən Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyinə baxış keçiriblər. Məlumat verilib ki, əlamətdar günlərlə bağlı tez-tez ədəbi-bədii tədbirlərin, yubiley mərasimlərinin keçirildiyi muzeydə 700-ə yaxın eksponat, o cümlədən Rəsul Rzanın şəxsi əşyaları qorunur.