Göyçayda İslam həmrəyliyinin təbliği, gənclərin dini radikalizm və zərərli vərdişlərdən qorunması məsələləri müzakirə edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi” ili elan olunması nəticəsində humanist bir addım atılıb.
Aprel ayının 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri, eləcə də gənclərin dini radikalizm və zərərli vərdişlərdən qorunması” mövzusunda seminar-müşavirədə səsləndirilib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, məscidlərin axund və imamları, dini icma üzvləri, dindarlar və gənclər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək 2016-cı ilin “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ilin “İslam Həmrəyliyi ili” elan edilməsinin bütün dünyanın diqqətini həmrəy olmağa, multikultural dəyərlərə sahib çıxmağa, dinlər və məzhəblər arasında dialoq qurmağa yönəldiyini deyiblər. Qeyd olunub ki, bu günlərdə bütün dünyanın diqqəti yenə də Bakı şəhərinə IV İslam Həmrəyliyi oyunlarının keçiriləcəyi diyara yönəlib. Bakının bu möhtəşəm idman yarışlarına ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, Prezident İlham Əliyev cənablarının uzaq görən siyasətinin nəticəsidir. Azərbaycan IV İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməklə İslam dünyasında birləşdirici, barışdırıcı missiyanı bu gün şərəflə həyata keçirir.
Natiqlər 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar ölkəmizdə yüksək səviyyəli konfransların, görüşlərin və digər tədbirlərin keçirildiyini bildiriblər: “Bu tədbirlərin keçirilməsində əsas məqsəd müxtəlif konfessiyalar, mədəniyyətlər, sivilizasiyalar və məzhəblər arasında həmrəyliyə nail olmaq, eləcə də Azərbaycanı bu istiqamətdə dünyaya nümunə kimi göstərməkdi. Bizim bu sahədə qarşımızda duran ən vacib məqsəd isə Azərbaycandakı din və məzhəb ardıcılları arasında tolerant, birgəyaşayış nümunəsinin xaricdə, eləcə də İslam dünyasında təbliği və təşviqidir”.
Tədbirdə həmçinin vurğulanıb ki, əsrlər boyu ayrı-ayrı millətlərin nümayəndələri Azərbaycanda ictimai-iqtisadi quruluşundan asılı olmayaraq müxtəlif dövrlərdə dini ayrı-seçkiliyə məruz qalmayıb, sülh şəraitində yaşayıblar. Ötən müddət ərzində Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərini qoruyub saxlayıb və inkişaf etdirib. Respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması sahəsində dövlətimizin geniş tədbirlər həyata keçirdiyi söylənilib: “İslam dini meydana çıxdığı dövrdən etibarən Azərbaycanda yayılmağa başlayıb, azərbaycanlılar üçün təkcə din yox, həm də ölkə mədəniyyətinin formalaşmasına təsir göstərib, eləcə də mövcudluğumuzu şərtləndirib. Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə belə bir təşəbbüsün irəli sürülməsi yalnız din amilini deyil, eyni zamanda müsəlman ölkələrinin istər siyasi-iqtisadi, istərsə də mədəni sahədə bir-birinə dəstək olması, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında nifaq salmaq istəyənlərə bir cavabdır”.
Yığıncaqda rayon polis şöbəsinin rəisi Sənan Əsədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə nümayəndəsi Əzim Rəfiyev, rayon ağsaqqallar şurasının üzvü Səfər Qəniyev və gənc müəllimə Gülər Paşayeva çıxış edərək Göyçayda gənclərin radikal dini təriqətlərdən uzaq saxlanılması, zərərli vərdişlərə qarşı mübarizə sahəsində geniş tədbirlər həyata keçirilir. Bu tədbirlərdə rayon ictimaiyyəti, hüquq-mühafizə orqanları, ağsaqqallar və dindarlar fəal iştirak edirlər.