Göyçay rayon İcra Hakimiyyəində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.
Yanvar-mart aylarında Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin həcmi 52,3 milyon manata yüksəlib. Həmin dövrdə rayonun müəssisələrində istehsal olunan 6,3 milyon manatlıq məhsul xarici ölkələrə ixrac edilib. İstehsal olunan sənaye məhsulunda ixracın xüsusi çəkisi 62,6 faizə çatdırılıb.
Bu faktlar ötən üç ayda Göyçay rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında səsləndirilib.
Yığıncaqda çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, hesabat dövründə rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində mühüm işlər görülüb.
İqtisadi göstəricilərə nəzər salan rayon icra hakimiyyətinin başçısı cənab Mehdi .Səlimzadə qeyd edib ki, ötən 3 ay ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 35,7 milyon manat vəsait yönəldilib, 1,2 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb. Qoyulan investisiyaların əksəriyyəti istehsal təyinatlı obyektlərin tikintisinə sərf olunub.
Bildirilib ki, Göyçayda istehsal olunan məhsulların daha çox ölkəyə ixrac edilməsi üçün lazımi tədbirlər görülür. Bu məqsədlə “azexport.az” elektron portalında rayonda fəaliyyət göstərən 20-yə yaxın müəssisə haqqında məlumatlar yerləşdirilib.
Tədbirdə məlumat verilib ki, hesabat dövründə rayonda quruculuq və abadlıq işləri genişləndirilib, çoxmənzilli 5 yaşayış binasının dam örtüyü və giriş hissələri, pilləkənləri əsaslı təmir edilib, həyəti abadlaşdırılıb, asfalt döşənib. Heydər Əliyev və Əli Kərim parklarında, Bayraq meydanında, Mehdi Hüseynzadə və Nizami küçələrində, Göyçay-Bərgüşad və Şamaxı-Yevlax avtomobil yollarının Göyçaydan keçən hissəsində şəhərə giriş qapıları inşa edilib, ətrafda abadlıq və yenidənqurma tədbirləri görülüb. Olimpiya İdman Kompleksinin qarşısında müasir memarlıq üslubunda böyük saat quraşdırılıb. İctimai yaşayış binalarının həyətinə 9 min kvadratmetr yeni asfalt örtüyü vurulub. Rayonun Hacıağabəyli kəndində 24 yerlik modul tipli məktəb istifadəyə verilib.
Hesabat dövründə Bığır-Cırqurd-Şəkər-Veysəlli–Alıkənd-Mırtı avtomobil yolunun tikintisinə başlanılıb. Üç kənddə yeni transformator quraşdırılıb, 151 ədəd elektrik dirəyi basdırılıb, 4,1 kilometr uzunluğunda SİP kabel çəkilib.
Bundan əlavə, rayonda görülən işlər nəticəsində 600-dən çox yeni iş yeri açılıb ki, bunun da 553-nə sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlar qəbul edilib. “Öz biznesinə başla” layihəsi çərçivəsində 18 ailəyə heyvandarlıq, arıçılıq, faraş tərəvəzçilik sahələri üzrə kiçik bizneslə məşğul olmağa şərait yaradılıb.
Aqrar sahədə də uğurlar qazanılıb. 2017-ci ilin məhsulu üçün 14 min 622 hektarda dənli bitkilər, 674 hektarda tərəvəz, 153 hektarda kartof əkilib.
Məlumat verilib ki, meyvəçiliyin inkişafı da diqqət mərkəzində saxlanılıb, 71 hektara yaxın sahədə xurma və nar bağları salınıb. Əkin mövsümünə hazırlıq dövründə rayonun suvarma sistemləri idarəsinin balansında olan kanal, hidrotexniki qurğu və su nasoslarında da təmir işləri aparılıb.
Yığıncaqda idarə və təşkilat rəhbərlərinin hesabat məruzələri dinlənilib, mövcud vəziyyət ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.