Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

2016-cı ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr barədə» Göyçay rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir

16 fevral 2017 | 16:00

Yığıncaqda qeyd edilmişdir ki, 2016-cı ildə Respublikamızın digər regionlarında olduğu kimi Göyçay rayonunda da infrastruktur layihələrinin həyata keçirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Hesabat ilində rayonun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 32,1 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, keçən illə müqayisədə sənaye məhsulu istehsalı 26,9 faiz artmışdır. 
Ötən il aqrar sahədə müəyyən uğurlar əldə edilmiş, 2015-ci illə müqayisədə taxıl istehsalı 1,8 %, dən üçün qarğıdalı 19,9 %, kartov istehsalı 3,5 %, ət istehsalı 0,7 %, süd istehsalı 0,4 %, yumurta istehsalı 2,4 % artmışdır.
Kənd əməkçiləri 2017-ci ilin məhsulu üçün 15767 hektar sahədə şum qaldırmış, 14617 hektar sahədə taxıl əkilmişdir. Bu isə əvvəlki illə müqayisədə müvafiq olaraq 898 və 738 hektar çoxdur.  
2016-cı ildə rayonun iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 27,8 milyon manat investisiya yönəldilmişdir.    
Hesabat dövründə əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,6 faiz artmışdır.
Rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə hesabat məruzəsi ilə çıxış edərək qeyd etmişdir ki, hesabat dövründə rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür.
Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsi çərçivəsində şəhərdə və şəhərə bitişik kənd məhəllələrində yaşayan 10 mindən artıq abonentə yeni su mənbəyindən içməli su verilişi təmin olunmuşdur. Hazırda rayonun Şəhadət kəndində şəhərin çirkab sularını təmizləyən qurğu kompleksinin tikintisi aparılır.
Hesabat ilində kənd yaşayış məntəqələrinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində də tədbirlər davam etdirilmiş, rayonun yeraltı içməli su mənbəyi olmayan 6 yaşayış məntəqəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli su təmizləyici qurğular istifadəyə verilmişdir.  
Rayon əhalisinin, müəssisə və təşkilatların elektrik enerjisi ilə təminatının etibarlılığının artırmaq üçün ötən il şəhər və kənd yaşayış məntəqələrində mövcud transformatorların 27-i daha güclü transformatorlarla əvəz olunmuş, 9 yeni transformator məntəqəsi inşa edilmiş, podratçı təşkilatlar tərəfindən 896 ədəd yararsız 0,4 kv-luq dayaqlar metal dayaqlarla əvəz edilmiş, 42,7 km. uzunluğunda elektrik naqilləri yükünü özü daşıyan kabellərlə əvəz edilmişdir. Şəhərin şimal hissəsini, həmçinin şəhərə yaxın kənd yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin edən 35/10 kv-luq «Çörək zavodu» yarımstansiyasında 3,2 meqavatlıq transformator 7,5 meqavatlıq transformatorla əvəz edilmişdir.
Hesabat dövründə 15 kənd yaşayış məntəqəsinə təbii qaz verilişi bərpa edilmiş və təbii qaz verilişi bərpa edilmiş yaşayış məntəqələrinin sayı 44-ə, rayon üzrə qazlaşdırma faizi 80,4-ə çatdırılmışdır, daha 3 kənddə bərpa işləri davam etdirilir.
Həmçinin qeyd edilmişdir ki, ötən il abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüş, ölkə prezidentinin 8 oktyabr 2015-ci il tarixli sərəncamına əsasən ayrılmış vəsait hesabına şəhərin mənzil fonduna daxil olan 21, rayon büdcəsinin vəsaiti hesabına 7 çoxmənzilli binada əsaslı təmir işləri aparılmış, şəhərin Heydər Əliyev prospektində, Z.Bünyadov, Nizami, Həbibi, Xətai, M.Muradov küçələrində, şəhər qəbirstanlığına aparan yolda, bir sıra çoxmənzilli binaların həyətində yeni asfalt örtüyü salınmışdır. 
Göyçayın Ağsu və Ağdaş istiqamətlərindəki giriş hissələri abadlaşdırılmış, hər iki ərazidə fərdi layihələr əsasında ünvan göstəricisi inşa edilmiş, yaşıllıqlar salınmışdır. 2500 nəfər tamaşaçı tutumu olan mərkəzi rayon stadionu əsaslı yenidən qurulmuş, yeni işıqlandırma sistemi və monitor quraşdırılmış, tribunadaki oturacaqlar yenilənmişdir. Şəhər dindarlarının müraciəti nəzərə alınaraq «Yuxarı məscid»də təmir işləri aparılmış və məscidin ərazisi abadlaşdırılmışdır. Şəhərin park və xiyabanlarının, mövcud bağların abadlaşdırılması istiqamətində də xeyli işlər görülmüş, Ə.Kərim adına park və şəhidlər xiyabanında lazımi səliqə-səhman yaradılmış, şəhərin bir çox küçələrində yeni çəmənliklər salınmışdır. Ötən il yaşıllaşdırma işlərinə də diqqət artırılmış, şəhərdə, həmçinin Şamaxı-Yevlax avtomagistralının Göyçay rayonunun ərazisindən keçən hissəsinin kənarlarında 25 mindən artıq şam, küknar, çinar, qovaq və meyvə ağacları əkilmişdir.
Hesabat yığıncağında həmçinin bildirilmişdir ki, ölkə prezidentinin tapşırığına müvafiq olaraq rayon iqtisadiyyatının yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
İlk növbədə rayonun sənaye potensialından, emal müəssisələrinin layihə üzrə istehsal güclərindən tam istifadə edilməsi üçün tədbirlər görülür və emal müəssisələrində yeni istehsal sahələrinin yaradılması və müasir bazar tələblərinə uyğun məhsul istehsalı diqqət mərkəzində saxlanılır. «Göyçay-Şərab», «AzNar» və «Göyçay-Süd» Səhmdar Cəmiyyətlərində ixrac yönümlü və rəqabət qabiliyyətli məhsul istehsalı artırılması, yeni ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində ciddi iş aparılır. Bütün bunların nəticəsidir ki, 2016-cı ildə bu müəssisələrdə istehsal edilmiş məhsulun 20,7 milyon manatı respublikadan kənara ixrac edilmişdir. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 7,1 milyon manat və ya 51,9 faiz çoxdur. Ötən il rayon üzrə ümumi sənaye məhsulu istehsalında ixrac olunan məhsulun xüsusi çəkisi 64,4 faiz təşkil etmişdir ki, bu da 2015-ci ilə nisbətən 10,6 faiz çoxdur.   
«Göyçay-Şərab» ASC-də yeni üzüm qəbulu xətti quraşdırılmış, 36 ədəd hər biri 50 tonluq çən quraşdırılmışdır. Bu da müəssisəyə 2500 ton spirt istehsal etməyə imkan verəcəkdir.
«AzNar» QSC-də meyvə kompotları istehsalı sexində axın xətləri avtomatlaşdırılmış, müəssisədə nar,heyva, üzüm və digər meyvələrdən şərab istehsalı sahəsinin yaradılması üçün tədbirlər görülür. Cəmiyyətin özəlləşdirdiyi keçmiş toxuculuq kombinatının bazasında yeni istehsal sahələrinin yaradılması üçün nəzərdə tutulan sexlərdə təmir işləri başa çatdırılmaq üzrədir.
Hesabat dövründə «Göyçay-Konyak» ASC-də alkoqollu içkilərin istehsalı bərpa edilmişdir. 
Rayonun kənd təsərrüfatının mövcud imkanlarından daha dolğun istifadə edilməlidir. Məlum olduğu kimi keçən əsrin 70-80-ci ilərində rayonda orta hesabla hər il 400 tondan artıq barama istehsal olunurdu. Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələr kənd təsərrüfatında aparıcı sahələr olan baramaçılıqda böyük dönüş yaratmışdır.  Məruzədə bir qədər əvvəl qeyd edildiyi kimi baramaçılığın əvvəlki şöhrətinin bərpa edilməsi istiqamətində ötən ildə  ilk addımlar atılıb və yaxın 3-5 il ərzində bu sahələrdə ciddi dönüş əldə edilməlidir. Bu sahələrdə cari ilin hədəfləri və proqnozları da artıq məlumdur. Bütövlükdə kənd təsərrüfatında əsaslı dönüşə nail olmaq, baramaçılığın, meyvəçiliyin, heyvandarlığın dinamik inkişafını təmin etmək üçün bütün qüvvələr səfərbər edilmişdir. Əməkçilərdə də barama istehsalını artırmağa böyük maraq var. Dövlət səviyyəsində görülən tədbirlər bu marağı daha da stimullaşdırır. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün görülən kompleks tədbirlər sırasında süni mayalama  vasitəsi ilə doğulan hər buzov üçün dövlətin 100 manat subsidiya verməsi,  barama istehsalında isə hər kq. məhsula 2 manat subsidiya verilməsi kəndlidə razılıq doğurur. 
Qarşıda duran əsas məsələlərdən biri barama istehsalı üçün yem bazasının yaradılmasıdır. 90-cı illərdə rayonda 1200 hektara yaxın suvarılan tut plantasiyaları mövcud olub və bu bağlar Göyçayın Respublikanın ən iri barama istehsalçılarından biri olmasına imkan yaradıb. Ötən il rayonda 55 min ədəd, o cümlədən Çin Xalq Respublikasından gətirilən 40 min ədəd tut tinglərinin əkilmişdir. İndii qarşıda duran əsas vəzifə tut tinglərinə lazımi aqrotexniki qulluq göstərilməsi, onların qorunması, həmçinin təsərrüfatlarda mövcud olan tut ağaclarının kütləvi şəkildə budanmasıdır. Çünki yazda barama qurdları həmn ağacların yarpağı ilə bəslənəcəkdir. Bu işə kənd sakinlərimiz fəal qoşulmalıdılar. Çünki barama istehsalı həm dövlət və həm də vətəndaşlar üçün çox yaxşı qazanc mənbəyidir. 1 kq. 8 manata təhvil götürülən, həm də təhvil verilən məhsul üçün subsidiya verilən barama 35-40 gün ərzində hər bir ailənin maliyyə imkanlarını xeyli yaxşılaşdırır, dövlət üçün də valyuta gətirir. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması üçün ciddi tədbirlər görülməlidir. Məlum olduğu kimi rayonumuz torpaq imkanları məhdud olan rayonlardan biridir və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması üçün mütərəqqi texnologiyalar tətbiq edilməlidir. Rayonun kənd təsərrüfatı üçün ənənəvi sahə olan faraş tərəvəz istehsalının artırılması üçün ciddi tədbirlər görülməli və müasir istixanaların tikintisinə üstünlük verilməlidir.Hazırda dövlət tərəfindən də istixanaların tikilməsinə böyük dəstək verilir. Çünkü tərəvəz istehsalı ölkənin ixrac potensialına çox müsbət təsir göstərir.
Çıxışlarda əhalinin elektrik enerjisi, təbii qaz, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması və digər sahələrdə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi cənab Arif Novruzov, Milli Məclisin deputatları Elman Nəsirov və Sabir Hacıyev də iştirak və çıxış ediblər.

Keçidlər