Göyçay rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Göyçay rayonunda ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ədliyyə və məhkəmə orqanlarının, qeydiyyat şöbəsinin və notariat kontorunun kollektivlərinin nümayəndələri iştirak ediblər. İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Tədbirdə Göyçay rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı münasibətilə ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib. Müstəqil Azərbaycan ədliyyəsinin şərəfli tarixindən və inkişaf yolundan danışan icra başçısı ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğısını xüsusi qeyd edib və bu gündə bu siyasətin Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən davam etdirildiyini bildirib. Bu sahədə əldə olunmuş nailiyyətlər, o cümlədən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin ən şəffaf seçimi, habelə elektron ədliyyənin inkişafı, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərində ölkəmizin müsbət təcrübəsi artıq beynəlxalq aləmdə böyük maraq doğurub. Bütün bunlar ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işinə daha səmərəli xidmətə səfərbər edir.
Yığıncaqda çıxış edən ədliyyə işçiləri son illər ədliyyə orqanlarının maddi-texniki bazasının gücləndirilməsini, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində görülən işləri yüksək qiymətləndiriblər və bu sahənin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildiriblər.