Göyçaylı fermerlər 15 illlik fasilədən sonra becərdikləri pambığın yığımına başlayıblar.
Göyçaylı fermerlər 15 illlik fasilədən sonra becərdikləri pambığın yığımına başlayıblar. Sahələrdən ağ qızılın toplanması ilə əlaqədar məhsul bayramı səviyyəsində tədbir təşkil olunub. Rayonun Mallı-şıxlı kəndində keçirilən tədbirdə icra və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd təsərrüfatı işçiləri iştirak ediblər.
Bu münasibətlə rayonun Mallı-şıxlı kəndində təşkil olunan mərasimdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından faktlarla söz açılıb. İlk gündən sahələrə yüksək səviyyədə aqrotexniki qulluğun göstərildiyini və nəticədə bol məhsulun yetişdiyini vurğulayan icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bu əlamətdar hadisə münasibəti ilə fermerləri, kənd təsərrüfatı işçilərini təbrik edib.
Bildirib ki, prezident İlham Əliyev cənablarının diqqət və qayğısı, qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyi tapşırıqlar nəticəsində ölkənin hər yerində olduğu kimi Göyçayda da pambıqçılıq və baramaçılıq ənənələrinin bərpası istiqamətində mühüm addımlar atılıb. Bu sahədə çalışanlara subsidiyaların və digər dövlət dəstəyinin verilməsi fermerləri daha da ruhlandırıb. Bütün bunlar yeni iş yerlərinin açılmasına və kənd adamlarının dolanışıq səviyyələrinin yüksəlməsinə şərait yaradıb. Yararlı torpaqlardan daha səmərəli istifadənin zəruriliyini diqqətə çatdıran rayon rəhbəri 2017-ci ilin məhsulu üçün 1000 hektar sahədə pambıq əkininin nəzərdə tutulduğunu vurğulayıb. Eyni zamanda növbəli əkin sisteminə əməl etməyin əhəmiyyətindən danışıb.
Mərasimdə fermerlər çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyev cənablarına minnətdarlıq ediblər. Sonra pambıq sahələrinin becərilməsində zəhməti olan bir qrup kənd əməkçisinə xatirə hədiyyələri təqdim olunub.
Sonda rayonun mədəniyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.