Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib

30 avqust 2016 | 16:00

Avqust ayının 30-da Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirin iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.
Seminar-müşavirədə rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, dini icmaların rəhbərləri, din xadimləri, ilahiyyatçılar, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Konfransda əvvəlcə dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.
Konfransı giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə Azərbaycanda dövlət-din münasibətlərinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün isə həmin münasibətlərin bütün hüquqi dövlətlərdə olduğu kimi qanunlarla tənzimləndiyini vurğulayıb. Bildirib ki, ölkədə ali hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının Konstitusiyasında beynəlxalq hüququn hamılıqla tanındığı norma və prinsiplər əksini tapmaqla yanaşı, bütün növ fundamental insan, vətəndaş hüquq və azadlıqları təsbit edilib.
Rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, təsadüfü deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 2016-cı ili Azərbaycanda «Multukulturalizm ili» elan etməklə məhz xalqımızın tarixi  kökünə istinad edərək bu gün də mövcud olan möhtəşəm elmi-siyasi, milli-mənəvi mənbələrə əsaslanmışdır. Bu gün də möhtərəm prezident İlham Əliyev öz ulu siyasi sələfinin yolunu uğurla davam etdirərək bütün dünyaya bəyan edir: «Azərbaycanda multukulturalizm dövlət siyasətidir və onun alternativi yoxdur».
O, həmçinin vurğulayıb ki, dövlətçiliyimizi daha da möhkəmləndirilməsi yolunda qarşıda duran və gələcəkdə gözlənilən hər hansı tarixi, siyasi, ictimai tədbirlərində fəal iştirak etməklə Göyçaylılar onların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.


Azərbaycanın multikulturalizm ənənələrinin daha dərindən mənimsənilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi, eləcə də bu sahədə qarşıda duran vəzifələrin müzakirə edilməsi məqsədilə keçirilən tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dinlərin və azsaylı xalqların nümayəndələrinin yaşadığını, dini konfessiyaların uzun əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, ölkəmizdə hər zaman başqa xalqların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşılıb. Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin, ideoloji prinsiplərin ana xəttini ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq təşkil edir. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, həmin prinsiplər birləşdirir. Eyni zamanda, Azərbaycan İslam ölkəsidir və mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininə dünyada bir milyarddan çox insan etiqad edir. Biz də bu dəyərlərə sahib ölkələrdən biri kimi İslamı yad təsirlərdən qorumalıyıq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin etiqad azadlığı təmin olunur. Bununla yanaşı, milli mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir.
Daha sonra Milli Məclisin deputatı Elman Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Göyçayın “Yuxarı məscid” dini icmasının sədri Rəsul Kazımov çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin apardığı doğru, düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib. Azərbaycan milli dövlət olaraq təkcə özünün deyil, dünyanın qlobal problemlərinin həllində fəal iştirak edir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunun bariz nümunəsidir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Konfransdan sonra qonaqlar rayon icra hakimiyyətinin yaxından köməkliyi ilə əsaslı təmir edilmiş Göyçay Yuxarı məscidini ziyarət edib, dini icmanın fəaliyyəti ilə tanış olub, məscidə kitablar hədiyyə ediblər.

Keçidlər