Göyçay şəhərində dövlət bayrağı meydanı inşa edilir
Göyçay şəhərinin mərkəzində dövlət bayrağı meydanının inşası sürətlə davam etdirilir. Meydanda Azərbaycanın dövlət bayrağı 30 metr hündürlükdə dalğalanacaq. Bayrağın postamenti mərmərlə üzlənəcək. "ATF-İnşaat" MMC-nin briqadası tərəfindən bir hektara yaxın ərazidə həyata keçirilən tikinti işləri zamanı bayraq meydanının gözəl görkəmdə olması üçün oradakı həmişəyaşıl ağaclara toxunulmayıb.
Hazırda meydanın ərazisinə tamet plitələr döşənilir. Meydanda mədəni kütləvi tədbirlərin keçirilməsi üçün açıq səhnə və oturacaqlar quraşdırılır. Sakinlərin istirahəti üçün əraziyə dekorativ gül kolları və ağaclar əkiləcək. Bundan əlavə meydanda müasir formada 2 fəvvarənin tikintisi, rəngli işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulur. Hazırda tikinti-quraşdırma işlərində 20-ə yaxın işçi çalışır.