Göyçay rayonunun ən ucqar yaşayış məntəqələrindən olan Müskürlü kəndinə uzun illər fasilədən sonra təbii qaz verilib.
Iyul ayının 14-də Müskürlü kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə kənd sakinlərini bu münasibətlə təbrik edib, dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycandakı inkişafın real mənzərəsini diqqətə çatdıraraq bunu düşünülmüş sosial-iqtisadi siyasətin nəticəsi olduğunu vurğulayıb. Qeyd edib ki, əsası Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft-qaz strategiyası bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən icra başçısı hər bir kənddə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını bildirib. Azərbaycanda yaşayış məntəqələrinin sürətlə qazlaşdırılmasının sırf sosial xarakter daşıdığını, dövlət başçısının tapşırığına əsasən 2018-ci ilədək respublikanın bütün yaşayış məntəqələrinin tam qazlaşdırılmasının qarşıya əsas vəzifə kimi qoyulduğunu qeyd edib.
Tədbirdə Ağsu Regional Qaz İstismar idarəsinin rəisi Eldar Səlimzadə çıxış edərək bildirib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2900 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 9510 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddə 124 abonent “mavi yanacaq”la təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Göyçay rayonunun daha 11 yaşayış məntəqəsinin qazlaşdırılması işləri davam etdirilir.
Mərasimdə çıxış edən kənd ağsaqqalları, ziyalılar təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini və ölkə başçısı İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildiriblər. Sonra kəndə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılıb.