Göyçay rayon icra hakimiyyəti başçısının Potu kənd inzibati ərazi dairəsinə daxil olan Kürd kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi
24 iyun 2016-cı il tarixdə Kürd kənd sakinləri ilə keçirilən görüşdə kənd əhalisinin sosial problemlərinin öyrənilməsi və həll edilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi İldırım oğlu Səlimzadə, RİH başçısının müavinləri, icra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Göyçay rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə dövlət başçısı İlham Əliyev cənablarının rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi inkişaf, respublika əhalisini narahat edən sosial problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlər, son vaxtlar respublikamızda, həmçinin rayonda pambiqçılığın və baramaçılığın inkişaf etdirilməsinə göstərilən dəstəkdən danışmışdır. Bundan sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri öz müraciətlərində kəndin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Göyçay çayındaki bəndin bərpa edilməsi, «Qazyan» arxının, həmçinin şəhər ərazisindən keçən kəndi suvarma suyu ilə təmin edən kəndarası arxların qazılaraq lil və çöküntülərdən təmizlənməsi, qəzalı vəziyyətdə olan elektrik transformatorunun və elektrik dirəklərinin dəyişdirilməsini, kəndarası yolların cari təmir olunması və digər məsələlər barədə təkliflərini bildirmişlər. Qaldırılan məsələlərin bir qismi qanunauyğun və operativ şəkildə yerindəcə öz həllini tapmış, digərlərinin həlli ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Görüşün sonunda Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək ölkə başçısı İlham Əlyev cənablarının tapşırığı ilə mütəmadi keçirilən səyyar görüşlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşların sosial problemlərinin həlli istiqamətində səylərin artırılacağını qeyd etmişdir.