Göyçayda 17 iyun- Tibb işçilərinin peşə bayramı günü qeyd edilmişdir
Göyçay rayonunun səhiyyə işçiləri peşə bayramlarını qeyd ediblər. Tibb işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin Göyçay şəhərindəki abidəsi önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-şəkillərə baxıblar. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə insanların sağlamlığının keşiyində duran səhiyyə işçilərini bayram münasibətilə təbrik edib, onlara bu şərəfli işdə uğurlar arzulayıb. Son illər Azərbaycan səhiyyəsinin yenidən qurulduğu və sürətlə inkişaf etdiyi vurğulanıb, yeni tibb müəssisələrinin, sağlamlıq mərkəzlərinin yaradıldığı, müasir tibbi avadanlığın ölkəyə gətirildiyi, mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək əhalinin istifadəsinə verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si Azərbaycanda Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi ulu öndər Heydər Əliyevin səhiyyə işçilərinə, onların fədakar əməyinə, eləcə də əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğısının parlaq təzahürü kimi yaddaşlarda qalıb. Rayon icra hakimiyyətinin başçısı Azərbaycanın səhiyyə tarixinin inkişafını ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əlaqələndirib, onun uğurlu siyasəti nəticəsində hər bir sahədə olduğu kimi, səhiyyə sistemində də müsbət dəyişikliklərin baş verdiyini, Azərbaycan səhiyyəsinin maddi-texniki bazasının müasir texniki avadanlıqlarla təminatında, yeni müasir xəstəxanaların tikintisində möhtərəm prezident İlham Əliyev cənablarının və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın tarixi xidməti kimi qeyd edib, tibb işçilərinə rayonda əhaliyə yüksək səviyyədə tibb xidməti göstərilməsi, əhalinin sağlamlığının qorunması, həkim-xəstə münasibətlərinin düzgün qurulması üzrə tövsiyyələrini verib. Tədbirdə çıxış edən tibb işçiləri milli səhiyyəmizin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər. Sonra səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən 17 nəfər həkim və orta tibb işçisinə fəxri fərman, qiymətli hədiyyə və pul mükafatı verilib.