Göyçayda 15 iyun-Milli Qurtuluş günü qeyd edilmişdir
15 İyun - Milli Qurtuluş günü ilə əlaqədar Heydər Əliyev Mərkəzində konfrans təşkil edilib.
Əvvəlcə rayon icra hakimiyyətinin kollektivi, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil və səhiyyə işçiləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dövlət himni səsləndirildikdən sonra Ulu Öndərin siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Konfransda YAP rayon təşkilatının sədri Sahib Şükürov, rayon ictimaiyyətinin nümayəndələri, çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışıblar.
Sonra rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək qeyd edib ki, hər bir xalqın taleyində xüsusi önəm daşıyan hadisələr və tarixi faktlar olur. 15 İyun - Milli Qurtuluş günü Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Məlumdur ki, çətin günlərdə, həlledici məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək yalnız böyük və qüdrətli şəxsiyyətlərin üzərinə düşür. Belə bir xilaskarlıq missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan ulu öndər, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Naxçıvandan Bakıya qayıdaraq Milli Qurtuluş tariximizin başlanğıcını yazıb.
Sonra Heydər Əliyev parkında rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə bayram gəzintisi təşkil olunub. Bayramsayağı bəzədilən parkda təşkil edilən konsertdə rayon mədəniyyət evinin instrumental ansanblının və yerli müğənnilərin ifasındakı şən mahnılar Göyçay sakinlərinə əsl bayram əhval-ruhiyyəsi bəxş edib.
Məktəblilər müasir müstəqil Azərbaycana, Vətənə, dahi rəhbərə həsr edilən şerlər söyləyib, mahnılar oxuyublar.