Göyçaylı fermerlər baramaçılıq və pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə həvəslə qoşulublar
Azərbaycanda aqrar sahənin inkişafında Göyçay rayonunun öz töhfələri olub. Yaxın keçmişə nəzər salsaq görərik ki, 1990-cı illərinin əvvəllərində rayonda 402 ton barama istehsal edilmişdi. Bu, kifayət qədər böyük göstəricidir və hazırda rayonda tut bağlarının mövcudluğu baramaçılığın yenidən dirçəldilməsinə imkan verir. Cari ildə rayonda 1 ton barama istehsalı gözlənilir. Ölkə üzrə isə istehsalın 75 tona çatdırılması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişini, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərini, həmçinin aqrar sektorun inkişaf perspektivlərini öyrənmək və operativ tədbirlər görmək məqsədilə yaradılan işçi qrupunun üzvləri iyunun 1-də Göyçay rayonunda olublar.
İşçi qrupunun rəhbəri, Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, qrupun üzvləri və rayon rəhbərliyi əvvəlcə Göyçayın Şəhadət, Hacalıkənd, Qaraman, Ləkçiplaq və Cəyirli kəndlərində baramaçılıq, pambıqçılıq, meyvəçilik, taxılçılıq və narçılıqla məşğul olan kəndli fermer təsərrüfatlarına baxış keçirib, fermerlərlə görüşüblər.
Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışıb. Prezident İlham Əliyevin rayonlarda yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarını diqqətə çatdıran şöbə müdiri vurğulayıb ki, yeni iqtisadi mərhələdə ixractutumlu sahələrin inkişafı mühüm əhəmiyyət kəsb edir. Pambıqçılıq və baramaçılıq da məhz belə sahələrdəndir. Göyçay əhalisi vaxtilə ənənəvi sahələr hesab olunan pambıqçılıq və baramaçılıqda yaxşı təcrübə əldə edib və hazırda bu sahələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Yerlərdəki vəziyyətlə tanışlıq göstərir ki, fermerlər baramaçılıq və pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə böyük həvəslə qoşulublar.
“Bu gün əsas məqsədlərdən biri həm ölkə, həm də rayonlar üzrə əkin sahələrinin strukturunu təkmilləşdirməkdir. Prezident İlham Əliyev cənablarının tapşırıq verib ki, kənd təsərrüfatının ənənəvi strateji sahələri bərpa edilməklə yanaşı, rayonlar üzrə ixtisaslaşma da nəzərə alınsın. Göyçayın məhz bağçılıq, baramaçılıq, pambıqçılıq, tərəvəzçilik sahəsində böyük təcrübəsi var. Vaxtilə rayon üzümçülükdə də ciddi uğurlar qazanıb və mövcud potensial bu sahəni bərpa etməyə imkan yaradır. Məhsul istehsalçıları dövlətin hərtərəfli yardımına bel bağlaya bilərlər”, - deyə Azər Əmiraslanov vurğulayıb.
Diskussiya şəraitində davam edən müşavirədə fermerlərin müraciət və təklifləri dinlənilib. Onlar müasir suvarma sistemlərinin qurulması, yeni tut bağlarının salınması üçün tingçilik təsərrüfatına subsidiyaların verilməsi, faraş tərəvəz istixanalarının tikintisi üçün güzəştli kreditlərin ayrılması, şoranlaşmış torpaqların yuyularaq əkin dövriyyəsinə cəlb olunması, pambıqçılıq üçün yeni texnikaların alınması, məhsul qəbulu məntəqəsinin yaradılması və digər məsələlərə toxunublar.
İşçi qrupunun üzvləri müzakirələrə qoşulub, fermerləri və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətiriblər. Müşavirə iştirakçıları ölkədə aqrar sektorun inkişafı üçün yaradılan əlverişli şəraitə görə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər.