20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tamaşa nümayiş olunub
17 yanvar 2025-ci il tarixində Göyçay rayon Mədəniyyət Mərkəzində 20 Yanvar - Ümumxalq hüzn gününün 35-ci ildönümü ilə əlaqədar “Fəxarət günü, qürur günü” adlı ədəbi -bədii kompozisiya nümayiş olunub.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, şəhid ailələrinin üzvləri, rayonda fəaliyyət göstərən müəssisə, təşkilatların əməkdaşları, və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Göyçay rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdimatında 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş teatr tamaşası nümayiş olunub.
Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova qeyd edib ki, 20 Yanvar faciəsi müasir Azərbaycan Respublikasını müstəqilliyə aparan yolda dönüş nöqtələrindən biri olmaqla xalqımızın qəhrəmanlığı və Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində SSRİ rəhbərliyinin öz məkrli məqsədlərinə nail ola bilməməsidir.
Hadisəyə ilk hüquqi-siyasi qiyməti Ulu Öndər Heydər Əliyevin verdiyini deyən Z.Zeynalova Ümummilli Liderin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Qanlı 20 Yanvar haqqında beynəlxalq ictimaiyyətə məlumat verməklə xalqımızın haqq səsini dünyaya çatdırdığını, SSRİ rəhbərliyinin vəhşi əməllərini cəsarətlə dilə gətirdiyini söyləyib və Azərbaycan tarixinə faciə kimi daxil olsa da, xalqımızın həyatında dönüş nöqtəsi olduğunu, milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdiyini bildirib.
Sonda faciə qurbanlarının xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.