1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 33 il ötür
Hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir.
Qanlı 20 Yanvar hadisələri həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Faciə Azərbaycan xalqını müstəqillik uğrunda daha mətin mübarizəyə sövq edən hadisə olmaqla yanaşı, həm də müstəqillik idealarının ümummilli amalına çevrilməsinə zəmin yaratdı. Qanlı Yanvar hadisələri eyni zamanda Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərərək, dövlət müstəqilliyinin bərpa edilməsi prosesində dönüş nöqtəsi oldu.
Qədirbilən Azərbaycan xalqı vətən uğrunda misilsiz şücaət və qəhrəmanlıq göstərən bütün igid oğul və qızlarını heç vaxt unutmayacaq, onların əziz xatirəsini daim qəlblərində əbədi olaraq yaşadacaqdır!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!