Göyçay rayon İcra Hakimiyyəində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir
Cari ilin birinci rübü ərzində Göyçay rayonunda infrastruktur layihələrinin həyata keçirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Hesabat dövründə Göyçayda 52,4 milyon manatlıq ümumi məhsul istehsal edilib, rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən 33,4 milyon manatlıq investisiya yatırılıb. Ötən müddətdə 9,8 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bunun da 84,1 faizi qeyri-dövlət bölməsinin payına düşür. İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6,4 milyon manat vəsait yönəldilib. Rayon iqtisadiyyatına yönəldilən investisiyaların 94,5 faizi istehsal təyinatlı obyektlərin inşasında istifadə edilib.
Bu faktlar Azərbaycan Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasından irəli gələn vəzifələr, eləcə də həmin müddətdə Göyçayda görülən işlərlə bağlı rayon icra hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayev çıxış edərək bildirib ki, hesabat dövründə Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsində işlər tam başa çatdırılıb, şəhərin bütün ərazisinə yeni su mənbəyindən içməli suyun verilməsi təmin edilib. Hazırda rayonun Şəhadət kəndində çirkab sularını təmizləyən qurğu kompleksinin tikintisi aparılır. Ötən üç ayda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun Qəbələ-Müskürlü, Mallı-Şıxlı, Veysəlli, Şıxəmir, Kürdşaban və Qaraman kəndlərində sutəmizləyici qurğuların quraşdırılması işləri davam etdirilib. Daha 12 kənddə belə qurğuların tikilməsi üçün müvafiq torpaq sahələri ayrılıb. Cari ilin birinci rübündə İnçə və Alpout kəndlərinə təbii qaz verilişi bərpa edilərək, rayon üzrə təbii qazla təmin olunan yaşayış məntəqələrinin sayı 33-ə çatdırılıb. Hazırda daha 13 kəndə yeni qaz xətti çəkilir.
Hesabat dövründə 497 ictimai iş yeri açılıb və rayon məşğulluq mərkəzinin göndərişləri ilə 482 nəfər işlə təmin olunub. Bundan əlavə, ötən il “AzNar” ASC, “Göyçay-Toxucu” ASC, “Göyçay-Süd” ASC, “Kərpic-SAN” LTD-yə, broyler quşçuluq fabrikinə yüz minlərlə manat investisiya qoyulub. Eyni zamanda, Prezident İlham Əliyevin “Göyçay şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2015-ci il 8 oktyabr tarixli Sərəncamına əsasən ayrılan 3 milyon manat vəsait hesabına şəhərin mənzil fonduna aid olan 21 çoxmənzilli binada əsaslı təmir işlərinə başlanılıb.
Aqrar sahədə daha ciddi uğurlar əldə edilib, 2016-cı ilin məhsulu üçün 13880 hektar sahədə taxıl əkilib. Kəndlərdə fərdi təsərrüfat sahibləri tərəfindən ümumi sahəsi 304 min kvadratmetr olan istixanalarda faraş tərəvəz məhsulu yetişdirilib.
Tədbirdə qeyd edilib ki, birinci rübdə əhalini narahat edən sosial-məişət problemlərinin aradan qaldırılması, sosial sahələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
İdarə və təşkilat rəhbərləri çıxış edərək ötən dövrdə görülən işlər barədə ətraflı məlumat verib, rayonda əhalinin elektrik enerjisi, təbii qaz, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması və sair sahələrdə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələr müzakirə edilib.