Göyçaylı gənclər hərbi xidmətə yollanıblar
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Göyçay rayonunda da hərbi xidmətə çağırış davam edir.
Bu münasibətlə Göyçay rayonundakı Heydər Əliyev Mərkəzinin qarşısında gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib. Rayon icra hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri, müharibə veteranları, hərbçilər, valideynlər və gənc çağırışçıların iştirak etdiyi mərasimdə dövlət himni səsləndirildikdən sonra çıxış edənlər ordu sıralarına yola düşən gəncləri təbrik edib, onlara uğurlu hərbi xidmət arzulayıblar.
Rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğu işini uğurla davam etdirir. O, hərbi xidmətə yola salınan gəncləri təbrik edərək, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin edilməsində Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin nümayəndələri, müharibə veteranları, ağsaqqallar, gənclər, valideynlər çıxış edərək gənclərin hərbi xidmətə böyük həvəslə getdiklərini, ordumuzda əsgərlərə qayğının ən yüksək səviyyədə olduğunu bildiriblər. Gənclərin hərbi xidmətə böyük həvəslə getmələri ordu quruculuğundakı uğurların nəticəsi kimi qiymətləndirilib. Qeyd edilib ki, bu gün Azərbaycan möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan orduya malikdir.
Tədbir iştirakçıları çağırışçı gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını vaxtında yerinə yetirməyi, hərbi texnikanın sirlərinə dərindən yiyələnməyi, düşməndən şəhidlərimizin qisasını almağı tövsiyə ediblər.
Mərasimdə məktəblilərin, tələbələrin və incəsənət ustalarının ifasında hərbi-vətənpərvərlik mövzusunda şeirlər və mahnılar ifa edilib. Konsert proqramından sonra çağırışçı gənclər təntənəli marşın sədaları altında üçrəngli bayrağımızı öpüb, müqəddəs “Qurani-Kərim” kitabının altından keçiblər. Çağırışçı gənclər valideynləri və yaxınları ilə görüşərək ordu sıralarına yola düşüblər.