Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Füzulidə şəhid olan əsgərimiz Teymur Qasımov Göyçayda son mənzilə yola salınıb

05 aprel 2016 | 16:00

Azərbaycan ordusunun şəhid olan əsgəri, 1996-cı il təvəllüdlü Qasımov Teymur Mikayıl oğlu aprelin 5-də doğulduğu Göyçay rayonunda dəfn edilib. Şəhid Teymur Qasımovun nəşi Göyçay rayonunun Çaxırlı kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Göyçay Rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşi altında son mənzilə yola salınıb.
Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.
Şəhid Teymur Qasımov 2014-cü ilin oktyabrında Göyçay rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Füzuli rayonu istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Bir il 6 ay idi ki, hərbi xidmətdə olan Teymur Qasımov bu günlərdə Vətən qarşısında borcunu yerinə yetirərək yaşadığı rayona qayıdacaqdı.
Şəhidin əmisi Məhəmməd Qasımov oğul itkisinin ağır olmasına baxmayaraq, ailə üzvlərinin Teymur Qasımovun şəhidliyindən qürur duyduğunu bildirib.

Keçidlər