Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda əhalinin əsas gəlir mənbəyini əkinçilik məhsulları təşkil edir

03 aprel 2016 | 16:00

Göyçayın kəndlərində əhalinin əsas gəlir mənbəyini əkinçilik məhsulları təşkil edir. Hazırda rayonun fermerləri yaz tarla işlərini uğurla davam etdirirlər.
Havanın bir müddət yağmurlu və şaxtalı keçməsi əkin sahələri üçün çox xeyirli olub, bol məhsul üçün zəmin yaradıb. Hazırda Göyçayın 30-dan artıq kəndinin sakinləri öz fərdi həyətyanı sahələrində və mülkiyyətlərində olan pay torpaqlarında faraş tərəvəzçiliklə məşğul olurlar.
Rayonun Qaraman, Çayarxı, Ləkçılpaq, Mırtı, Hacalıkənd, Qarabaqqal, Qaraxıdır kəndlərində istixanalarda faraş tərəvəzçilik geniş yayılıb. Hazırda bu kəndlərdə elə bir həyətyanı sahə yoxdur ki, orada istixanalar olmasın. Kəndlərdə əvvəlcə kiçik istixanalarda pomidor və xiyar toxumlarının səpini aparılır və xüsusi aqrotexniki qulluq göstərərək yetişdirilən pomidor və xiyar şitilləri mart ayında böyük istixanalarda torpağa köçürülür. İstixanaların üzərinə sellofan örtük çəkilib, torpağın şumu çıxarılıb, üzvi və mineral gübrələr səpilib. Hazırda istixanalarda şitillərin torpağa əkilməsi işləri görülür. Kəndlərdə əhalinin 90 faizi istixanalarda pomidor və xiyar yetişdirir. Hər bir həyətyanı sahədə orta hesabla 2-3 və daha çox istixana mövcuddur. Kəndlilər bitkilərin tələf olmaması və tez məhsul verməsi üçün aqrotexniki qulluğun səviyyəsini artırır, ziyanvericilərə qarşı düzgün mübarizə tədbirləri görürlər.
Mayın əvvəlində istixanalarda pomidor və xiyar yığımına başlanılacaq. Kənd əməkçiləri hər il məhsulu alıcılara elə öz həyətlərində satırlar. Ötən il rayonda istehsal olunan pomidorun təxminən 50 faizi Rusiya bazarlarına aparılıb. Rayonda faraş tərəvəzçiliklə məşğul olanlar ildə 2 dəfə məhsul götürə bilirlər. Ümumiyyətlə Göyçayda istehsal olunan tərəvəz məhsullarının yarıdan çoxunu faraş tərəvəz təşkil edir. Cari ildə rayonda 240 hektar sahədə pomidor bitkisinin əkilməsi nəzərdə tutulur. Ötən il 225 hektar sahədən 5900 ton tərəvəz məhsulu toplanıb.

Keçidlər