Göyçay məktəbliləri də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyada iştirak ediblər
Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilib. Martın 24-də səhər saatlarında Göyçay rayonundan 40 nəfərlik məktəbli qrup Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola salınıb.
Rayon icra hakimiyyətinin, təhsil şöbəsi işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında yolasalma mərasimi keçirilib. Əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Yolasalma mərasimində çıxış edən rayon təhsil şöbəsinin müdiri Rəşad Məmmədov Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik sahəsində tərbiyəsində, onların Vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Valideynlər çıxışlarında şagirdlərin dünya görüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Göyçay şəhər 1 saylı orta məktəbin 9-cu sinif şagirdi Lamiyə Vəliyeva çıxış edərək qeyd edib ki, “Şimal bölgəsinə səfərimizin maraqlı və faydalı olacağına inanıram. Tur-aksiya bizə Vətənimizi daha yaxından tanımaq, bildiklərimizi praktik cəhətdən zənginləşdirmək imkanı yaradır. Eyni zamanda, bu səfərdə yeni dostlar qazanacağıq. Bir sözlə, geriyə maraqlı və xoş təəssüratlarla dönəcəyimə əminəm”.
Mərasimin sonunda şagirdlər onlar üçün ayrılan xüsusi avtobusla Qubaya yola düşüblər.