Novruz bayramı Göyçayda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
Xalqımızın ən əziz bayramı olan Novruz Göyçayda ümumxalq el şənliyi kimi qeyd olunub.
Heydər Əliyev Parkında minlərlə rayon sakininin iştirakı ilə keçirilən bayram tədbirində təbriklər səsləndirilib. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev xalqımızı Novruz bayramı münasibətilə təbrik edib. Ölkəmizdə milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərindən danışılıb. Bu bayramın respublikamızın hər bir guşəsində olduğu kimi, Göyçayda da böyük ruh yüksəkliyi ilə qeyd olunduğu bildirilib. Son aylar rayonun sosial-iqtisadi həyatında böyük dəyişikliklərin baş verdiyini diqqətə çatdırılıb, bütün bunlara görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.
Bayram tədbirində tonqal alovlandırılıb, müxtəlif milli oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin sərgisi nümayiş olunub. Rayonun istehsal müəssisələri öz məhsullarını nümayiş etdiriblər, idarə və təşkilatlar, kənd icra nümayəndəlikləri və bələdiyyələrin təşkilatçılığı ilə rəngarəng Novruz süfrələri açılıb. Meydana milli paltarda daxil olan atlılar məharətlərini göstəriblər. Gənc idmançıların çıxışları maraqla qarşılanıb. Bayramsayağı bəzədilmiş meydanda rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Xüsusilə Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin duzlu və məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb.