Göyçayın ən ucqar kəndi olan Alpouda təbii qaz verilib
Göyçay rayonunun ən ucqar yaşayış məntəqəsi olan Alpoud kəndinə uzun illər fasilədən sonra təbii qaz verilib.
Martın 19-da yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev kənd sakinlərini uzun illərdən sonra təbii qazın verilişi və Novruz bayramı münasibətilə təbrik ediblər.
Rövnəq Abdullayev dünyanı iqtisadi böhranın bürüdüyü bir vaxtda Azərbaycandakı inkişafın real mənzərəsini diqqətə çatdıraraq, bunu düşünülmüş sosial-iqtisadi siyasətin nəticəsi olduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla həyata keçirilir. Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən Rövnəq Abdullayev hər kənddə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını, respublika üzrə qazlaşdırmanın uğurla başa çatdırılacağını deyib. Qeyd edib ki, Azərbaycanda yaşayış məntəqələrinin sürətlə qazlaşdırılması sırf sosial xarakter daşıyır. Dövlətimizin başçısının tapşırığına əsasən, 2018-ci ilədək respublikanın bütün yaşayış məntəqələrinin tam qazlaşdırılması qarşıya əsas vəzifə kimi qoyulub.
Tədbirdə bildirilib ki, Alpoud kəndində 5548 metr uzunluğunda müxtəlif diametrli polietilen və 43 min 274 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddə, ümumilikdə, 507 abonent “mavi yanacaq”la təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Qeyd edilib ki, indiyədək Göyçay rayonunda yaşayış məntəqələrinin 70 faizi qazlaşdırılıb. Hazırda rayonun 10 kəndinin qazlaşdırılması üçün işlər görülür. Məlumat verilib ki, bu ilin sonunadək Göyçayda yaşayış məntəqələrinin 95 faizi təbii qazla təmin olunacaq.
Kənd ağsaqqalları, ziyalılar çıxışlarında Novruz bayramı ərəfəsində təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər. Sonra kəndə təbii qazın verilişi münasibətilə rəmzi məşəl və Novruz tonqalı alovlandırılıb. Tədbir iştirakçıları bayram süfrəsinə qonaq olublar.