«2015-ci ildə Göyçay rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr barədə» Göyçay rayon icra hakimiyyəti başçısının geniş hesabat yığıncağı keçirilmişdir
2015-ci il Göyçay rayonunda infrastruktur layihələrinin həyata keçirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Rayonda 248,6 milyon manatlıq ümumi məhsul istehsal edilib, rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən 33,4 milyon manatlıq investisiya qoyulub. Kənd təsərrüfatında məhsul istehsalının həcmi 0,9 faiz artaraq 98,2 milyon manata çatıb, pərakəndə əmtəə dövriyyəsinin həcmi 4,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,6 faiz artıb.
Bu faktlar Göyçayda 2015-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyətində keçirilən yığıncaqda səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev çıxışında qeyd edib ki, hesabat dövründə Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsində işlər başa çatdırılıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun Yeniarx, Bığır, Mirzəhüseynli, Türkmən və Alpout kəndlərində modul tipli su təmizləyici qurğuların inşası yekunlaşıb. Hazırda isə Qəbələ-Müskürlü, Mallışıxlı, Veysəlli, Şıxəmir, Kürdşaban və Qaraman kəndlərində su təmizləyici qurğuların quraşdırılması işləri aparılır. Şəhərin Heydər Əliyev prospekti, Natəvan, Ə.Kərim, M.Hüseynzadə, Nizami, M.Ə.Rəsulzadə küçələri əsaslı şəkildə yenidən qurulub.
Hesabat dövründə YAP Göyçay rayon təşkilatı, gənclər mərkəzi, regional kənd təsərrüfatı idarəsi, bayraq muzeyi və uşaq-musiqi məktəbi, Qızılağac və Alpout kəndlərində həkim məntəqələri üçün yeni inzibati binaların tikintisi, Heydər Əliyev Mərkəzinin qarşısında müasir parkın salınması, “Göyçay-1” SES-in inşası, Göyçay Rayon Mərkəzi Xəstəxanasının, şahmat məktəbinin, Regional Peşə Tədrisi Mərkəzinin əsaslı təmiri işləri yekunlaşıb. Ötən il rayonun Yekəxana, Şahsoltanlı, Məlikkənd, Şıxbəy, Şıxəmir, Alxasava və Aşağı Qaraməryəm kəndlərinə təbii qaz verilişi bərpa edilərək, rayon üzrə “mavi yanacaq”la təmin olunan yaşayış məntəqələrin sayı 30-a çatdırılıb, daha 11 kənddə yeni qaz xətlərinin çəkilişi işlərinə başlanılıb. Muğanlı-Yevlax magistral avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsinin tikintisi tamamlanıb, Göyçay-Ucar avtomobil yolu əsaslı təmir edilib, Mallışıxlı-Ərəbşahverdi, Müskürlü-Qəbələ Müskürlü, Qarabaqqal-Hacalıkənd kəndlərarası avtomobil yolları asfaltlanaraq istifadəyə verilib.
Bundan əlavə, ötən il “AzNar” ASC-nin konserv zavoduna, “Göyçay-Süd” ASC-nin süd zavoduna, “Kərpic-SAN” LTD-nin kərpic istehsalı zavoduna, broyler quşçuluq fabrikinə yüz minlərlə manat investisiya qoyulub. Keçən il rayonda Sahibkarlığa Kömək Milli Fondundan kredit almaq istəyən sahibkarların sayı xeyli artıb, 2015-ci ildə 33 sahibkarlıq subyektinə fondun vəsaiti hesabına 1184,8 min manat güzəştli kredit verilib, ayrılan kredit hesabına 70 yeni iş yeri yaradılıb. 2015-ci ildə sahibkarların vəsaiti hesabına bir sıra istehsal, ticarət və xidmət obyektləri inşa edilib.
Qeyd edilib ki, ötən il əhalini narahat edən sosial-məişət problemlərinin aradan qaldırılması, sosial sahələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Çıxışlarda əhalinin elektrik enerjisi, təbii qaz, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması və digər sahələrdə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi cənab Arif Novruzov, Milli Məclisin deputatları Elman Nəsirov və Sabir Hacıyev də iştirak ediblər.