Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin ikinci mərhələsinə başlanılmışdır
Göyçay şəhərində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin ikinci mərhələsinə start verilmişdir. Şəhərin şimalındakı dağlıq yüksəklikdə daha bir 2000 kubmetrlik su anbarının inşasına başlanılmışdır. Bundan əlavə hazırda su anbarından şəhərədək 500 millimetrlik daşıyıcı borunun, eləcə də şəhərdən Şəhadət kəndindək kanalizasiya sularının axıdılması üçün borunun inşası işləri görülür.
Daha sonra isə şəhərin içməli su xətləri şəbəkəsinin yenidən qurulması, mənzillərin sayğaclarla təmin olunması və şəhərin kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulur. Həmçinin, rayonun Potu kəndində daha bir 500 kubmetrlik su anbarı və bir ədəd artezian quyusu qazılacaqdır. Tikinti-quraşdırma işlərinin tenderdə qalib gəlmiş Türkiyənin “Atinak” şirkəti həyata keçirir. Bütün işlərin bir il altı ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, layihənin birinci mərhələsi çərçivəsində rayonun Potu kəndində 4 artezian quyusu qazılmış, 5,8 kilometr uzunluğunda daşıyıcı su kəməri, nasos stansiyası və 500 kubmetrlik ötürücü su anbarı tikilmiş, transformator quraşdırılıb. Həmçinin, suyun keyfiyyətinin öyrənilməsi məqsədilə laboratoriya binası və xlorator məntəqəsi tikilib, Göyçay şəhərinin şimalındakı dağlıq yüksəklikdə 2 min kubmetrlik su anbarı inşa olunmuşdur. Bundan əlavə, Göyçay şəhərində rayonun su-kanal idarəsi üçün ikimərtəbəli yeni inzibati bina inşa olunmuş, avtomobillərin və texniki qurğuların təmir-bərpası üçün istehsalat bazası tikilmiş, Göyçay şəhərindəki beş, dörd, üç və ikimərtəbəli 88 yaşayış binasının hamısında daxili su-kanalizasiya sistemi yenidən qurulmuşdur.