Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Şahin Mustafayev fevral ayının 5-də Göyçay rayonunda ictimaiyyət nümayəndələri ilə görüş keçirib.

05 fevral 2016 | 16:00

Açıq dialoq şəraitində keçən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri və sahibkarlar iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Ağayev son illər rayonda görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib, Prezident İlham Əliyev cənablarının tapşırığı ilə bölgələrdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb.
İqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək, dünya iqtisadiyyatındakı qeyri-sabitlik və mənfi tendensiyaların Azərbaycana mümkün təsirlərinin neytrallaşdırılması üçün sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələr, vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünyadakı qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsirlərini minimuma endirib. 2015-ci ildə sənaye 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd təsərrüfatı 6,6 faiz artıb, ölkə iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulub. Son on ildə 3 minə yaxın məktəb, 600-ə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub.
Nazir bildirib ki, Prezident İlham Əliyev cənablarının sosial-iqtisadi siyasətinin əsasında Azərbaycan vətəndaşı, onun rifahının yaxşılaşdırılması dayanır. Gəlirlərin azalmasına baxmayaraq, bütün sosial proqramlar tam həcmdə yerinə yetirilir. Təkcə son bir ay ərzində Prezident İlham Əliyev cənabları  tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə aztəminatlı vətəndaşların rifahının yaxşılaşdırılması məqsədilə bir sıra sərəncamlar imzalanıb. Ölkədə dərman vasitələri satışının tənzimlənməsi, istehlak bazarına nəzarətin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması, pensiya və müavinətlərin, əmək haqlarının artırılması məhz əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdir.
Vurğulanıb ki, sahibkarlığın inkişafı, bu sahədə yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı qəbul edilmiş qərarlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev tərəfindən bölgələrin inkişafı istiqamətində mühüm tapşırıqlar verilib. Bu tapşırıqların icrası istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla, ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb. Bu layihələrin icrasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli və xarici investisiyalar cəlb olunacaq, bölgələrdə istehsal, emal və digər müəssisələr yaradılacaq. Böyük iqtisadi potensiala malik Göyçayda da bu qəbildən olan layihələr reallaşdırılacaq. Belə ki, rayonda heyvandarlıq kompleksinin, intensiv bağçılıq təsərrüfatının, “yaşıl market”in və s. yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyev tərəfindən Göyçay rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə imzalanmış dörd Sərəncamla 10,1 milyon manat vəsait ayrılıb. Eyni zamanda, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə Göyçayın 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına 5 milyon manat vəsait yönəldilib. Dövlətimizin başçısı Göyçay rayonuna 2015-ci ildəki sonuncu səfəri zamanı şəhərə içməli suyun verilməsi mərasimində, Göyçay kiçik SES-in, Göyçay-Ucar avtomobil yolunun və xəstəxananın açılışında iştirak edib.
Şahin Mustafayev deyib ki, ümumiyyətlə, Dövlət proqramları çərçivəsində rayonun su təchizatının yaxşılaşdırılması məqsədilə 160,5 kilometr su, 131,2 kilometr kanalizasiya xətti çəkilib, 5 su anbarı tikilib, 5 subartezian quyusu qazılıb, avtomobil yolları inşa olunub və ya yenidən qurulub. Həmçinin 30 yaşayış məntəqəsi qazlaşdırılıb, 11 yaşayış məntəqəsinin qazlaşdırılması isə davam etdirilir. Rayonda 22 məktəb, 3 uşaq bağçası, 6 səhiyyə, 4 mədəniyyət, 3 gənclər və idman müəssisəsi tikilib və ya əsaslı təmir olunub, şəhid ailələri və əlillər üçün 45 mənzilli yaşayış binası istifadəyə verilib. İndiyədək Göyçay rayonu üzrə 270 sahibkara 11,6 milyon manat güzəştli kredit ayrılıb. Rayonda 9,3 mini daimi olmaqla, 11,3 min yeni iş yeri açılıb, 370-dən artıq yeni müəssisə fəaliyyətə başlayıb.
Görüş iştirakçıları rayonda taxılçılıq, iri heyvandarlıq təsərrüfatının yaradılması, soyuducu anbar kompleksinin inşası, istixana təsərrüfatının qazlaşdırılması, sahibkarlıq fəaliyyəti üçün torpaq sahələrinin ayrılması, şərabçılıq məhsulları ixracının dəstəklənməsi, sahibkarlara hüquqi yardım göstərilməsi, güzəştli kreditlərin verilməsi və digər məsələlər barədə müraciət və təkliflər səsləndiriblər.
Nazir Şahin Mustafayev bir sıra məsələlərin həlli barədə müvafiq tapşırıqlar verib, qaldırılan digər məsələlərin araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.
Görüş iştirakçıları qeyri-neft sektorunun inkişafı üçün atılan addımları yüksək qiymətləndirib, regionlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Keçidlər