Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda sahibkarlarla görüş keçirilib

30 yanvar 2016 | 16:00

Göyçay Rayon İcra Hakimiyyətində sahibkarlarla keçirilən görüşdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı İlham Əliyevin nitqindən irəli gələn vəzifələr müzakirə edilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayev çıxış edərək, manatın devalvasiyasından sonra yaranan problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev cənablarının tapşırığı ilə ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, görülən tədbirlər, əmək haqlarının və pensiyaların artırılması bu iqtisadi çətinliklərə davam gətirmək üçün çox mühüm dəstəkdir. Məlumat verilib ki, dövlətimizin başçısının tapşırığına əsasən buğdanın idxalı və satışı, buğda ununun istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən azad olunub. Bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb.
Bildirilib ki, rayon icra hakimiyyəti tərəfindən istehlakçıların hüquqlarının qorunması üzrə komissiya yaradılıb. Komissiya üzvləri tərəfindən rayonda istehlak bazarına mütəmadi olaraq nəzarət edilir.
Qeyd olunub ki, neftdən asılılığı azaltmaq məqsədilə dövlətimizin başçısı tərəfindən qeyri-neft sektorunun inkişafı üçün əməli tədbirlər görülür. Son illər Göyçay rayonunda özəl sektorun inkişafı iş adamlarının öz vəsaiti hesabına və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər sayəsində xeyli sürətlənib. Təkcə keçən il Göyçayda fondun vəsaiti hesabına 33 sahibkara 1184,8 min manat güzəştli kredit verilib və həyata keçirilən layihələr nəticəsində 70 yeni iş yeri yaradılıb. Bütövlükdə isə ötən il rayonda özəl sektorun dəstəyi ilə 633 yeni iş yeri açılıb.
Görüşdə çıxış edənlər bildiriblər ki, indiki şəraitdə yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir. Məlumat verilib ki, Göyçay rayonunda ərzaq məhsulları istehsalının artırılması ilə bağlı böyük imkanlar var. Yerli sahibkarlar, fermerlər rayonda kartof, qarğıdalı, günəbaxan, faraş tərəvəz, eləcə də quş əti, yumurta və digər heyvandarlıq məhsullarının istehsalını əsaslı şəkildə artırmaqla, ölkənin ərzaq təhlükəsizliyinə layiqli töhfə verə bilərlər.
Rayon rəhbərliyi iş adamlarını yerli iqtisadiyyatın gücləndirilməsinə öz töhfələrini verməyə, yeni istehsal və emal müəssisələrinin açılmasında, rayon əhalisinin məşğulluq səviyyəsinin artırılmasında və əhalinin maddi rifah halının yüksəldilməsində daha fəal iştiraka dəvət edib, bu sahədə sahibkarlara yaxından kömək göstəriləcəyi diqqətə çatdırılıb.
İş adamları Prezident İlham Əliyev cənablarının tövsiyə və tapşırıqlarına uyğun olaraq işlərində dönüş yaratmağa çalışdıqlarını, yerli bazar üçün rəqabət qabiliyyətli daha çox çeşidli məhsullar istehsal etməyi və işçilərin sayını artırmağı qarşıya məqsəd qoyduqlarını bildiriblər.

Keçidlər