Yanvar ayının 19-da Göyçay Rayon İcra Hakimiyyətində 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə bağlı konfrans keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerantlığın yüksək səviyyədə təmin olunduğunu bildirib, Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də İslam dininə və digər dinlərə etiqad edənlərə yaradılan şəraitdən danışıb. Qeyd olunub ki, bu şərait nəticəsində ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib, Azərbaycan tolerant ölkə kimi bütün dünyada nümunəyə çevrilib.
Bildirilib ki, multikulturalizm fərqli mədəniyyətlərin birgə yaşayışı, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünya görüşünə hörmətlə yanaşmasıdır. Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub. Respublikamızda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bütövlükdə xalqımızın tarixi mədəniyyətinin bir daha parlaq şəkildə nümayişidir.
Tədbirdə rayon icra hakimiyyətinin dini məsələlər üzrə məsul işçisi Vüsal Zöhrabov, dini icmaların sədrləri, ağsaqqallar və gənclər çıxış edərək bildiriblər ki, ölkəmizin hər yerində olduğu kimi, Göyçay rayonunda da məzhəbindən asılı olmayaraq bütün vətəndaşlar və etnik qruplar uzun illərdir dostluq şəraitində yaşayır, onları qohumluq əlaqələri bağlayır. Qeyd edilib ki, “Multikulturalizm ili” çərçivəsində yanvarın 15-də Bakıdakı Heydər məscidində vəhdət namazı qılınıb. Həmin cümə namazında bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda bir yerdə namaz qılıb dualar ediblər.