Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir

24 iyul 2015 | 15:00

 

İlin birinci yarısında Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi 110,6 milyon manat təşkil edib. Ötən müddət ərzində 9,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bunun da 72,2 faizi qeyri-dövlət bölməsinin payına düşür. İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,3 milyon manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə yatırılan investisiyaların həcmi isə 13,5 milyon manat təşkil edib. Rayon iqtisadiyyatına yönəldilən investisiyaların 95,1 faizi istehsal təyinatlı obyektlərin inşasında istifadə olunub.
Bu faktlar cari ilin birinci yarısında Göyçayda görülən işlərlə bağlı rayon icra hakimiyyətində keçirilən hesabat yığıncağında səsləndirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayev çıxış edərək bildirib ki, hesabat dövründə Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurma layihəsinin ikinci mərhələsi çərçivəsində işlər davam etdirilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun Bığır, Mırtı, Alıkənd və Yeniarx kəndlərində modul tipli su təmizləyici qurğuların tikintisi, Mallışıxlı-Ərəbşahverdi və Müskürlü-Qəbələ Müskürlü kəndlərarası avtomobil yollarının inşası, şəhərin Heydər Əliyev prospektində, Natavan, Ə.Kərim, M.Hüseynzadə, Nizami, M.Ə.Rəsulzadə küçələrində əsaslı yenidənqurma işləri aparılıb. Hesabat dövründə YAP Göyçay rayon təşkilatı və musiqi məktəbi üçün yeni inzibati binanın tikintisinə də başlanılıb.
Diqqətə çatdırılıb ki, 2015-ci ilin birinci yarısında Göyçayda 324 yeni iş yeri açılıb. Bütövlükdə 2003-2015-ci illərdə rayonda 10587 yeni iş yeri yaradılıb ki, bunun da 8543-ü və ya 80,7 faizi daimi iş yeridir.
Cari ilin 6 ayında əhalini narahat edən sosial-məişət problemlərinin aradan qaldırılması, sosial sahələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilib, mərkəzi rayon xəstəxanasının əsaslı yenidən qurulması işləri davam etdirilib, Qızılağac kəndində yeni həkim tibb məntəqəsi istifadəyə verilib. Həmçinin hesabat dövründə rayonun Şahsoltanlı, Yekəxana, Məlikkənd və Şıxbəy kəndlərinə təbii qaz verilişi təmin olunub, Şıxəmir, Qaraman, Xəlitli, Aşağı Qaraməryəm, Alxasava, Çaxırlı və Üngütlü kəndlərinin təbii qazla təminatını bərpa etmək məqsədi ilə işlər davam etdirilib.
Tədbirdə idarə və təşkilat rəhbərləri çıxış edərək, ötən 6 ayda görülən işlər barədə ətraflı məlumat verib, 2015-ci ilin birinci yarısında rayonda əhalinin elektrik enerjisi, təbii qaz, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması və digər sahələrdə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələr müzakirə edilib.

Keçidlər