Göyçayın sosial-iqtisadi inkişafı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir
Oktyabrın 31-də Göyçayda cari ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir.
Rayon icra hakimiyyətində keçirilən iclasda əhalinin məşğulluğunun təmin olunması, özəl sektorun inkişafı istiqamətində görülən tədbirlər, aparılan quruculuq və abadlıq işləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, hesabat dövründə rayonda 141,8 milyon manatlıq ümumi məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən 17,7 faiz çoxdur. Bu dövrdə 584 daimi iş yeri açılmışdır.
Tikinti sahəsinə 19,8 milyon manatlıq investisiya yönəldilmişdir. Göyçay şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması, Muğanlı-Yevlax avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsinin, eləcə də rayonun 5 kəndini birləşdirən 11 kilometrlik Ləkçiplaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir yolunun, “Göyçay-1” Su Elektrik Stansiyasının inşası davam etdirilmişdir. Rayonun Hacalıkənd, Qarabaqqal, Qızılağac, Mirzəhüseynli, Qaraməryəm kəndlərinə təbii qaz verilişi bərpa edilmiş, Çaxırlı və Bəydövül kəndlərində quraşdırılan modul tipli su təmizləyici qurğular, Qaraməryəm və Şıxbəy kəndlərində tikilən məktəb binaları, eləcə də əsaslı təmir edilən şəhər 3 saylı məktəbin binası istifadəyə verilmişdir.