Göyçay rayonunun Şahsoltanlı və Yekəxana kəndlərinə təbii qaz verilişi bərpa olundu
Göyçay rayonunun ən ucqar yaşayış məntəqələri olan Şahsoltanlı və Yekəxana kəndlərinin qazlaşdırılması üçün görülən işlər başa çatıb. Iyun ayının 30-da həmin kəndlərdə açılış mərasimləri keçirilib. Mərasimdə məlumat verilib ki, 23 illik fasilədən sonra Göyçay rayonunun Şahsoltanlı kəndində 10 min 574, Yekəxana kəndində 13 min 882 poqonmetr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilib. İki yaşayış məntəqəsində, ümumilikdə 400 ədəd fərdi tənzimləyici və sayğac quraşdırılıb. Rayonun Məlikkənd, Hüngütlü, Aşağı Qaraməryəm, Şıxbəy, Şıxəmir, Qaraman, Xəlitli, Dövranlı kəndlərinin qazlaşdırılması üçün görülən işlər sürətlə aparılır. Yaxın vaxtlarda bu kəndlərə “mavi yanacağ”ın verilməsi nəzərdə tutulur. Həmin 8 kəndin qazlaşdırılmasından sonra rayonda ümumi abonentlərin 66,5 faizi "mavi yanacaq"la təmin olunmuş olacaq. Mərasimdə çıxış edən kənd ağsaqqalları, ziyalılar bu sevinci onlara bəxş edən Prezident İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildiriblər. Sonra rəmzi məşəl alovlandırılıb.