Göyçay rayonunun Qaraxıdır kəndində şitillik istixana mərkəzi istifadəyə verilib
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Kənd İnvestisiya Layihəsi (AZKİL) çərçivəsində Göyçayın Qaraxıdır kəndində həyata keçirilən “Şitillik istixana mərkəzinin qurulması” ilə bağlı pilot layihənin icrası başa çatdırılıb.
Şitillik istixana mərkəzinin açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin, rayon icra hakimiyyətinin nümayəndələri, Dünya Bankının meneceri Daniel Ouen, AZKİL-in direktor müavini Gülbəniz Qəmbərova, AZKİL-in Düzən Şirvan zonası üzrə proqram meneceri Xudayar Gülmalıyev və kənd əhalisi iştirak edib.
Tədbirdə məlumat verilib ki, Göyçayın Qaraxıdır, Ləkçiplaq, Mırtı, Şəkər, Yalman kəndlərində əhalinin əsas gəlir mənbəyi tərəvəzçilik, yəni pomidor və xiyar məhsullarının yetişdirilməsi hesab olunur. Kənd zəhmətkeşləri hər il əkin aparmaq üçün çətinliklə də olsa, başqa rayonlardan pomidor və xiyar şitilləri əldə edirlər. Araşdırmalardan sonra bu kəndlərdə şitillik sahəsinin inkişaf etdirilməsi üçün münbit şəraitin olduğu müəyyənləşdirilib və problemin həlli üçün AZKİL tərəfindən yerli əhalinin müraciətləri qəbul olunub. Sonra AZKİL-in dəstəyi ilə Qaraxıdır kəndində yeni pilot layihənin icrasına başlanılıb və bir il ərzində şitillik istixana mərkəzi qurulub. Ümumi sahəsi 720 kvadratmetr olan istixanada bir mövsüm ərzində 176 min 600 ədəd pomidor və xiyar şitilinin yetişdirilməsi mümkündür. Mərkəzin ərazisində işçilər üçün bina da inşa olunub.
Çıxışlardan sonra şitillik istixana mərkəzinin açılışını bildirən rəmzi qırmızı lent kəsilib və yetişdirilən şitillərə baxış keçirilib.