Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir

15 aprel 2015 | 15:00

 

Yığıncaqda ötən 3 ay ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilmiş, birinci rübdə iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələrin qazanıldığı, quruculuq işlərinin davam etdirildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, 2015-ci ilin birinci rübü rayonumuz üçün də uğurlu olmuş, ümumi məhsul istehsalı 2014-cü ilin müvafiq dövrünə  nisbətən 1,5 faiz və ya 659,2 min manat artaraq 44589,6 min manata çatmışdır.  Ötən müddət ərzində 3,9 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bunun da 60,5 faizi qeyri dövlət bölməsinin payına düşür.
Rayonun aqrar sahəsində də müəyyən uğurlar əldə edilmiş, 2015-ci ilin məhsulu  üçün 13756 hektar sahədə payızlıq dənli bitkilərin əkini aparılmışdır. 1651 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 94 hektar və ya 6,0 faiz çoxdur. Hazırda yazlıq bitkilərin əkini davam etdirilir.
Heyvandarlıq sahəsi daha da inkişaf etmiş, 2014-cü ilin birinci rübü ilə müqayisədə iri buynuzlu mal-qaranın baş sayı 0,4 faiz, qoyunların baş sayı 0,8 faiz, ət istehsalı 0,4 faiz, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 1,9 faiz artmışdır. Bütövlükdə rüb ərzində 10984,8 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 1046,0 min manat və ya 10,5 faiz çoxdur.
2015-ci ilin birinci rübündə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala  10076,8 min manat vəsait yönəldilmişdir ki, bu ötən illə müqayisədə 4 faiz çoxdur. 
Rayonun tikinti təşkilatları tərəfindən keçən ilin birinci rübünə nisbətən 10,3 min manat çox inşaat işləri görülmüşdür. Rüb ərzində əhalinin həyat səviyyəsi yüksəlmiş, ticarət və xidmət şəbəkələrindən əhaliyə 51200,0 min manatlıq istehlak malları satılmış, 12050,0 min manatlıq pulu xidmətlər göstərilmişdir.
Hesabat dövrü ərzində pərakəndə əmtəə dövriyyəsi 6,6 faiz, pulu xidmətlərin həcmi 3,2 faiz artmışdır.
Rabitənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müəyyən tədbirlər görülmüş, yanvar-mart ayları ərzində əhaliyə, müəssisə və təşkilatlara 190,0 min manatlıq rabitə xidmətləri göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. 
Hesabat dövründə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsinin ikinci mərhələsində işlər davam etdirilmiş, şəhərdə yaşayan abonentlərin 80 faizinə yeni su mənbəyindən içməli su verilməsinə başlanılmışdır. Rayonun içməli su mənbəyi olmayan 16 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğuların quraşdırılması üçün torpaq sahələri seçilmiş, rüb ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun Bığır, Mırtı, Alıkənd, Türkmən və Yeniarx kəndlərində modul tipli su təmizləyici qurğuların tikintisi və quraşdırılması işlərinə başlanılmışdır.
Hesabat dövründə abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüşdür.
Rüb ərzində şəhərin Heydər Əliyev prospektində, Natavan, Ə.Kərim, M.Hüseynzadə, Nizami, M.Ə.Rəsulzadə küçələrində əsaslı yenidənqurma işləri aparılmışdır.
2015-ci ilin birinci rübündə 219 yeni iş yeri açılmışdır. Bütövlükdə 2003-2014-cü illərdə rayonda 10482 yeni iş yeri açılmışdır ki, bunun da 8438-i və ya 80,5 faizi daimi iş yerləridir.
Toplantıda nailiyyətlərlə yanaşı, mövcud problemlər də diqqətə çatdırılmış, onların həlli yolları müzakirə edilmişdir.

Keçidlər