Göyçayda 5 kəndi birləşdirən avtomobil yolu istifadəyə verilmişdir
Göyçay rayonunda Ləkçılpaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir avtomobil yolunun çəkilişi başa çatmış və əhalinin istifadəsinə verilmişdir.
Bu münasibətlə dekabrın 22-də keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, “ATF-İnşaat” MMC-nin rəhbəri Fəxrəddin Muradov çıxış edərək Prezident İlham Əliyevin “Göyçay rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 28 iyul tarixli Sərəncamına uyğun olaraq tikintisinə sentyabrda başlanılan, eni 6 metr, uzunluğu 11,6 kilometr olan Ləkçılpaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir avtomobil yolunun çəkilişinin vaxtından əvvəl başa çatdığını bildirmişlər. Səkkiz minə yaxın əhalinin yaşadığı bu 5 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi üçün dövlət büdcəsindən rayon icra hakimiyyətinə 2,5 milyon manat vəsait ayrılmışdır. Tikinti işlərini tenderdə qalib gəlmiş “ATF-İnşaat” MMC-nin briqadası həyata keçirmişdir.
Kəndləri bir-biri və rayon mərkəzi ilə birləşdirən, 1965-ci ildə salınmış torpaq yolun yerində ilk dəfə olaraq dördüncü dərəcəli asfalt yol çəkilmişdir. Üç ay ərzində 29 min kvadratmetr ərazidə çınqıl-daşla tarazlama və bərkitmə işləri görülmüş, su arxlarının yolla kəsişdiyi 11 yerdə metal borularla suötürücülər quraşdırılmış, 72 min 600 kvadratmetr əraziyə asfalt döşənmişdir. Yol çəkilişinin vaxtında başa çatdırılması üçün əraziyə 15-ə yaxın ağır texnika və 50-yə yaxın işçi qüvvəsi cəlb edilmişdi.
Uzun illərdir ki, yolsuzluq sarıdan əziyyət çəkən, qış aylarında gediş-gəlişin çətin olduğunu deyən bu kəndlərin sakinləri əraziyə asfalt yolun çəkilişinə görə Prezident İlham Əliyevə minnətdarlıq etmişlər.
Sonra açılışı bildirən qırmızı lent kəsilmiş, yola baxış olmuşdur.