Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda «Novruz» bayramı qeyd olunub

19 mart 2015 | 16:00


Qədim el bayramının gəlişi münasibəti ilə Göyçay rayonunun mərkəzi küçə, park və xiyabanları novruz adətlərini tərənnüm edən şuar və plakatlarla bəzədilmişdir. Heydər Əliyev prospekti boyunca rayon icra hakimiyyəti başçısının kənd ərazi dairələri üzrə nümayəndəlikləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, müxtəlif idarə və təşkilatlar bayram nemətləri ilə bəzədilmiş süfrələr təşkil etmişlər. Bayram tədbirində rayon mədəniyyət evinin və kənd mədəniyyət evlərinin, uşaq musiqi məktəbinin kollektivləri, idmançılar və pəhlivanlar, gözbağlayıcılar, kəndirbazlar maraqlı çıxışlar etmişlər. Göyçaylı qadınlar palaz və kilimlər sərilmiş meydanda neyrə çalxalamaqla, yun əyirməklə cəyrə furlatmaqla, yumurta, səməni, qovurğa hazırlamaqla qədim adət-ənənələrimizi nümayiş etdirmişlər. Qədim musiqi alətlərindən ibarət sərgi «Novruz» bayramına aid kitab və rəsm güşəsi bayram iştirakçıları tərəfindən maraqla qarşılanıblar. Dədə-qorqud və bahar qız yurdumuza yazın gəlişini müjdələməklə elimizə, obamıza sülh, əminamanlıq, rüzi-bərəkət arzulamışlar. Meydanda alovlanan novruz tonqalı baharın ilıq nəfəsi kimi göylərə bülənd olmuşdur.
Göyçay rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayev «Novruz»   bayramı münasibəti ilə sakinlərə ən xoş arzularını bildirməklə rayonda regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində çoxsaylı sosial layihələrin həyata keçiriləcəyinin, yeni təhsil ocaqları istifadəyə veriləcəyini, şəhərin küçələrinində quruculuq-abadlıq və əsaslı yenidənqurma işləri aparıldığını və bundan sonra da sürətdə davam etdiriləcəyini qeyd etmişdir. Cənab M.Ağayev qeyd edib ki, qarşıdakı aylarda bu istiqamətdə işlər daha da geniş vüsət alacaqdır. Bayram tədbirində kosa və keçəlin məzəli oyunları, milli geyimli oğlan və qızların çıxışları, digər novruz personajlarının təqdim etdikləri səhnəciklər maraqla qarşılanmışdır. Bir-birini əvəz edən şən mahnılar, rəqs nömrələri, ilıq nəfəsli, yaşıl donlu, al-əlvan güllərdən çələng toxuyan bayharın gəlişinin müjdəsini vermişdir.
Bayram tədbirində Mingəçevir Xalq Dram teatrının Borçalı aşıqlarından ibarət musiqi kollektivlərinin çıxışları maraqla qarşılanmışdır. «Novruz» bayramı hər bir iştirakçıya sevinc və səadət bəxş etmişdir.

Keçidlər