Gənclər yaşlı nəslin təcrübəsindən faydalanmalıdır mövzusunda Göyçayda konfrans keçirilmişdir
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda konfrans keçirilmişdir. Tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova respublikamızda qadın problemləri ilə bağlı görülən işlər barədə məlumat verib. O, müasir ailələrin üzləşdikləri problemlərdən söz açaraq milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında yaşlı nəslin təcrübəsindən daha çox istifadə edilməsinin vacibliyini vurğulayıb, ailə dəyərlərinin qorunmasında dövlət və qeyri-hökumət strukturlarının, ağsaqqal və ağbirçəklərin, eyni zamanda, cəmiyyəti narahat edən bu problemin həll edilməsində cəmiyyətin bütün üzvlərinin səfərbər olunmasının vacib məsələ olduğunu qeyd edib.Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, təhsil işçiləri, ağsaqqallar çıxış edərək valideynlərin öz ailələrinə məsuliyyətlə yanaşması, xüsusilə ailə başçısının öz mədəniyyəti və tərbiyəsi ilə övladlarına nümunə olması, eyni zamanda, gənclərin təhsil almasının vacibliyi, ailə münasibətlərinin formalaşması və inkişafında daha çox yaşlıların təcrübəsindən faydalanmağın əhəmiyyəti barədə danışıblar.Gənclər ailə həyatı qurarkən yaşlı nəslin məsləhətindən mütləq istifadənin vacibliyini qeyd edib, bu tipli tədbirlərin davamlı keçirilməsini vurğulayıblar