Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda növbəti nar bayramı keçirilib

01 noyabr 2014 | 16:00

 

Özünə məxsus füsunkar təbiəti olan Göyçayda ənənəvi 9-cu nar bayramı keçirilib. Minlərlə rayon sakininin, xarici ölkələrdə və Bakı şəhərində yaşayan göyçaylı ziyalıların qatıldığı festival müxtəlif nar növlərinin obrazında olan gənclərin və nar şahzadəsinin iştirakçıları salamlaması ilə başlayıb. Bayram şənliyində nar meyvəsinin mədəni-iqtisadi potensialının rəmzinə çevrilən çoxsaylı zəngin sərgilər, kompazisiyalar, folklor numunələri nümayiş etdirilib.
Göyçay rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində dövlət və hökümət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri və əməkdaşları, ətraf rayonların icra başçıları, yerli və əcnəbi iş adamları, turistlər, o cümlədən Göyçay şəhəri ilə qardaşlaşan İtaliyanın Valmontone şəhərinin 9 nəfərlik nümayəndə heyəti iştirak ediblər. 
Əvvəlcə qonaqlara göyçaylı qızlar yerli müəssisələrin istehsalı olan nar şirələri paylayıblar. Rəqs qruplarının çıxışları hər kəsi sehirli aləmə aparıb. Səmaya buraxılan şarlar bolluq və bərəkətin rəmzinə çevrilib. Meydana daxil olan nar şahzadəsi festival iştirakçılarını salamlayıb. Rayonun 25 kəndində narçılıqla məşğul olan insanların yetişdirdiyi məhsullardan hazırlanmış sərgiyə baxış keçirilib.Heydər Əliyev prospekti boyunca idmançıların, kəndirbazların, sehirbaz və pəhlivanların, mahnı-rəqs qruplarının gimnast qızların çıxışları maraqla qarşılanıb. «Uşaqları dinləyək» adlı kompazisiya, flaş-mob bayrama xüsusi rəng qatıb. Burada milli-mənəvi dəyərlərimizi, tarixi keçmişimizi, şərq ədəbiyyat nümunələrini təbliğ edən nəşrlərlə yanaşı, narçılığın inkişafından, tibb sosial fəlsəfəsindən bəhs edən kitablar da yer alıb. Məktəblilərin əl işlərindən ibarət sərgi, göyçaylı qadınların ifasında səslənən folklor nümunələri, xor qrupunun mahnı çələngi hər kəsdə xoş duyğular oyadıb. Qonaqlar aş, nardança, kətə, yuxa, nar şərab, nar şirəsi kimi təamların dadına baxıblar.
Sonra qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyət Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət edərək önünə əklil və gül-çiçək dəstələri qoyublar. 
Bayram tədbirinin rəsmi hissəsində Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirib ki, ölkə başçısı İlham Əliyevin xeyir-duası ilə artıq 9-cu dəfədir ki, keçirilən bu məhsul bayramı böyük əhəmiyyət daşıyır. Çünki bu festival Göyçayda narçılığın inkişafına təkan verir, dünyada təbliğinə müsbət təsir göstərir. Təkcə son iki ildə rayonda 2000 hektardan artıq yeni nar bağı salınıb, yeni istehsal müəssisələri fəaliyyəti gücləndirilib. Yeni istehsal xətləri quraşdırılıb. Ötən il Göyçayda 40 min ton nar tədarük olunub. Bu il isə meyvə bağlarından 42 min tona yaxın nar məhsulunun yığılması gözlənilir. Bu isə əhalinin büdcəsinə əlavə olaraq 20 milyon manat vəsait gətirəcək. Rayon icra hakimiyyətinin başçısı vurğulayıb ki, narın şirəsindən və qabığından 20-ə yaxın xəstəliyin mülicəsində istifadə olunur. Bu meyvədən nar şərabı, nar şirəsi, nardança, mürəbbə və digər qida məhsulları hazırlanır ki, insan orqanizmi üçün çox böyük əhəmiyyət daşıyır.
Bayram tədbirində millət vəkilləri, xarici ölkələrin azərbaycandakı səfirləri, Valmontone şəhərinin meri çıxış edərək bu Festivalın mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıblar. Bildiriblər ki, nar bayramı həm də Azərbaycan xalqının Milli-mənəvi dəyərlərinin tarixi keçmişinin, zəngin adət-ənənələrinin, bənzərsiz mətbəxinin nümayişində əvəzsiz rol oynayır.
Festivalda ən böyük nar müsabiqəsinin, nar atmaq, nar sıxmaq yarışlarının qalibləri mükafatlandırılıb. Xalqımızın qədim və zəngin adət-ənənəsinin, təbii sərvətlərinin nümayişinə çevrilən nar bayramı xarici ölkə vətəndaşlarının da ürəyincə olub. Onlar ölkəmizdəki inkişafa, insanların mehribanlığına və səmimiyyətinə valeh olduqlarını bildiriblər. Gələcəkdə də nar bayramında iştirak etmək arzusunda olduqlarını soylayiblər.
Göyçayda 9-cu nar bayramı Respublikanın tanınmış incəsənət ustalarının təqdim etdikləri konsert proqramı ilə davam etdirilib, atəşfəşanlıqla başa çatıb. 

Keçidlər