Göyçayda VI Nar bayramı keçirilmişdir
Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 4-də VI nar bayramı keçirilmişdir.
Göyçay şəhərində, Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda, ulu öndərin adını daşıyan park və prospektdə keçirilən bayram tədbirində Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri, “İrəli” İctimai Birliyinin və bir sıra dövlətlərin gənclər təşkilatlarının təmsilçiləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və əcnəbi iş adamları iştirak etmişlər.
Nar formasında hazırlanmış paltarlar geyinən məktəblilər qonaqları üç dildə salamlamış, milli geyimli oğlan və qızlar iştirakçılara nar şirəsi və bayramın emblemi olan döş nişanlarını təqdim etmişlər. Sonra qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Qonaqlar Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olmuşlar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin deputatları Fəttah Heydərov və Şəmsəddin Hacıyev, ABŞ, Rusiya, Belarus, Litva və Tacikistanın Azərbaycandakı səfirləri Mətyu Brayzə, Vladimir Doroxin, Nikolay Patskeviç, Kestutis Kudzmanas və Zokir Vəzirov çıxış etmişlər.
Natiqlər məhsul bayramı münasibətilə təbriklərini çatdırmış, narçılıqla məşğul olanlara cansağlığı, ruzi-bərəkət arzulamışlar. Qeyd edilmişdir ki, Azərbaycanın ayrı-ayrı rayonları bir meyvəsi və ya tərəvəzi ilə məşhur olduğu kimi, Göyçay da qocaman çinarları və qeyri-adi dada malik narı ilə məşhurdur. Nar Azərbaycanda, İranda, Türkiyədə, Özbəkistanda, ABŞ-da və Latın Amerikası ölkələrində yetişsə də, Göyçay yeganə rayondur ki, burada bu meyvənin bütün sortları yetişir. Dünya bazarında çox böyük tələbat duyulan narın bir sıra müalicəvi xüsusiyyətləri vardır. Nar cənnət meyvəsi sayılır və müqəddəs “Quran”da da onun adı çəkilir. Bildirilmişdir ki, ənənəvi olaraq keçirilən bu nar festivalı rayonda narçılığın inkişafına, məhsul istehsalının artımına və onun satış şəbəkəsinin genişlənməsinə səbəb olmuşdur. Hazırda Göyçayda 40-a yaxın nar sortu yetişdirilir. Narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Göyçayda torpaq sahibləri nar bağlarının sahəsini genişləndirərək 3 min 191 hektara çatdırmışlar. Ötən il rayonda 31 min ton nar tədarük edilmişdir. Cari ildə məhsuldarlığın daha çox olacağı gözlənilir.
Festivalda nara həsr olunmuş şeir və mahnılar səsləndirilmiş, yerli musiqiçilərin, aşıqların, meyxanaçıların, musiqi məktəbində təhsil alan şagirdlərin çıxışları alqışlarla qarşılanmışdır. Qonaqlar nar sərgisində rayonun 30 kəndində narçılıqla məşğul olan insanların yetişdirdiyi müxtəlif sort nardan hazırlanan məhsulların dadına baxmış, yerli müəssisələrdə istehsal edilən şirə və cövhərlərin keyfiyyəti ilə maraqlanmışlar. Heydər Əliyev parkına rəmzi olaraq nar ağacları əkilmiş, yeni ailə quran gənclərə, qızıl toylarını qeyd edən baba və nənəyə hədiyyələr verilmişdir.
Heydər Əliyev prospektində idmançıların, sehrbaz və kəndirbazların, mahnı-rəqs qruplarının çıxışları olmuşdur. Tədbir iştirakçılarına bayram münasibətilə hazırlanmış milli xörəklər, şirniyyatlar təqdim olunmuşdur.
Sonra folklor qruplarının çıxışları olmuş, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Bundan başqa, Göyçay narının şöhrətini dünyaya tanıtmaq məqsədi ilə altıncı dəfə keçirilən bu bayramda bir çox yeniliklər də olmuşdur. Tədbirdə qonaqlar əl ilə yüksək ustalıqla hazırlanmış nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxmışlar. Nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, müxtəlif sort nardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müsabiqələr, oyunlar təşkil edilmişdir. Bayram tədbiri axşam saatlarında respublikanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etmiş və atəşfəşanlıqla başa çatmışdır.